“Fahişə tapmaq üçün mütləq...“

Özünü Jasmin kimi təqdim edən qadını Azərbaycandan Karaçiyə aparan yol

Pakistanın İslamabad və Karaçi şəhərlərinin varlı rayonlarında keçmiş SSRİ ölkələrindən olan onlarla qadın fahişəliklə məşğul olur. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumatına görə, pakistanlı jurnalist Abid Həsən Karaçidə qadağan edilmiş "qədim peşə" ilə məşğul olan qadınlarla bağlı araşdırma aparıb. Abid Həsənin sözlərinə görə, rəsmi qadağaya baxmayaraq, fahişəlik geniş yayılıb.

Dostlarından biri jurnalisti Karaçidəki mənzillərdən birinə aparıb. Onları Azərbaycanda olan bir qadın qarşılayıb. Dostu qadını "Madam" kimi təqdim edib.

Karaçi polisinin məlumatına görə, bu şəhərdə hər birində 10-12 fahişənin çalışdığı azı səkkiz cinayətkar qrup fəaliyyət göstərir. Onlarda Azərbaycan, Rusiya, Özbəkistan və Tacikistandan olan qadınlar var.

Abid Həsən qadınları Pakistana cəlb edən səbəblərdən də yazıb: "Burada onlar hər müştəridən asanlıqla 150 dollar alırlar. Bu, Mərkəzi Asiya və ya Qafqazda qazanacaqlarından xeyli çoxdur". Varlı pakistanlılar ağdərili fahişələrə daha çox pul verməyə hazırdırlar. Postsovet məkanından olan qadınların əsas müştəriləri siyasətçilər, iş adamları və bankirlərdir.

"Fahişə tapmaq üçün mütləq hansısa tanışın vasitəçiliyindən istifadə etmək lazımdır. Hər şey telefon zəngləri üzərində qurulub. Küçəyə çıxmaq və fahişə tapmaq mümkün deyil", - Abid Həsən BBC-yə açıqlamasında deyib.

Pakistanlı jurnalist Karaçidə "Jasmin" kimi təqdim olunan azərbaycanlı qadınla görüşdüyünü deyir. Onun sözlərinə görə, qadın Karaçiyə 8 il əvvəl - 18 yaşında gedib. Ailəsinin seçdiyi oğlanla görüşməyinə icazə vermədiyi Jasmin 15 yaşında evdən qaçıb. O, oğlanla Bakıya gəlib. Lakin bir müddət sonra oğlan yol qəzasında ölüb. Həmin vaxt hamilə olan Jasmin övladını dünyaya gətirib və yoxsulluq içərisində yaşayıb. Ailəsinin yanına qayıtmağa qorxan qız Bakıda fahişəliklə məşğul olub. Sonralar eşidib ki, Pakistanda daha çox qazanmaq mümkündür və Karaçiyə gedib. Qondarma adla yaşayan Jasminin oğlunun 10 yaşı var. Amma uşaq Azərbaycandadır.


AzNews.az