Moskvada saxlanılan 5 azərbaycanlı sərbəst buraxıldı

Moskvada avtomobildən atəş açdıqlarına görə saxlanılan 5 nəfər Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə mayın 19-da Moskva üzrə DİN Baş İdarəsindən bildirilib.

"Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı bir ədəd start tapançası aşkarlanıb. Onlardan izahat götürülüb, bundan sonra isə onlar polis şöbəsindən sərbəst buraxılıb", deyə mənbə bildirib.

Onun sözlərinə, polis saxlanılan şəxslərin hərəkətlərində inzibati xəta tərkibi olub olmamasını araşdıracaq.

Xatırladaq ki, ötən gün Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb. APA-nın verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən "Porsche Cayenne" və "Volkswagen Multivan" markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb. Məlumata görə, onların üzərinə baxış zamanı bir ədəd start tapançası aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az