Casusluqda günahlandırılan iki nəfər edam edildi

İranın paytaxtı Tehranda 2 nəfər edam edilib.

APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, məhbuslar casusluqda günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları da açıqlanıb. Bunlar Kuroş Əhmədi və Məhəmməd Heydəridir.

Kuroş Əhmədi ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ilə əlaqə yaradaraq ölkə haqqında müxtəlif məlumatlar toplamaqda və ötürməkdə, Məhəmməd Heydəri isə İsrailin kəşfiyyat orqanı olan MOSSAD agentləri ilə xaricdə əlaqə yaradaraq ölkənin müxtəlif təhlükəsizlik və gizli məlumatlarını ötürməkdə ittiham edilərək Tehran İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunublar.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 19-da səhər saatlarında icra edilib.

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Kirmanşah, 3 nəfər İsfahan, 3 nəfər Şahrud və 1 nəfər də Simnan şəhərində dara çəkilib. Bu həftə isə 7 nəfər Rəşt, 3 nəfər Kərəc, 1 nəfər isə Noşəhr şəhərində edam edilib.


AzNews.az