Yanukoviç hökümətinə qarşı kütləvi mitinq - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə minlərlə insan Yanukoviç hökumətinə qarşı kütləvi mitinq keçirib. Onlar hökumətin istefasını və həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılmasını tələb edib.

Mitinqə qatılmış millət vəkilləri və siyasi fəallar Timoşenkonun şəkillərini tutaraq birgə şəkildə Ukrayna himnini oxuyub.

Dinc başlayan aksiyada izdihamın arasına ordu texnikasının daxil olması ilə gərginlik yaranıb. 300-ə yaxın etirazçı ilə asayiş keşikçiləri arasında güclü toqquşma baş verib. Polis hərbi texnikanın üzərinə dırmaşan müxalif fəalları dəyənəklərlə təqib edib. Yerli mətbuata görə, hadisə nəticəsində 10 nəfərə yaxın insan xəsarət alıb.

Bu arada Ukrayna parlamentindəki 3 əsas müxalif fraksiyanın liderləri 2015-ci il prezident seçkiləri üçün Viktor Yanukoviçə qarşı vahid namizədlə bağlı öz aralarında əməkdaşlığa razılaşıb. Müxalif liderlər Vitaliy Kliçko, Arseniy Yatsenyuk və Oleq Tyaqnibok elə aksiyanın gedişində, izdiham qarşısında siyasi assosasiya haqqında bəyannaməyə imza atıb.

Qeyd edək ki, Ukraynada siyasi məhbus məsələsi, o cümlədən, Timoşenkonun həbsi Avropa Birliyi ilə əməkdaşlığa əngəl olan əsas məqamlardan biridir. Sabiq baş nazir 2009-cu ildə Rusiya ilə ölkə üçün əlverişsiz şərtlərə təbii qaz nəqli haqqında müqavilə bağladığına görə, 7 il azadlıqdan məhrum edilib. Ötən ay Avropa İnsan Haqqları Məhkəməsi Ukraynada Timoşenko ilə bağlı istintaqın siyasi motivli olduğunu bəyan edib və əməkdaşlıq sazişi məsələsini müvəqqəti olaraq "rəfə qoyub" Timoşenkoyla bağlı qərara yenidən baxması üçün Ukrayna hökumətinə 3 ay vaxt verilib. Apellyasiya iddiası təmin olunmazsa, Timoşenkonun vəkilləri həbs qərarının ləğvi üçün Ukrayna Ali Məhkəməsinə vəsatət qaldıra bilər. //anspress//
AzNews.az