“Euronews“un əməkdaşı Türkiyədəki hadisələrdən danışdı

Son günlər İstanbul Gəzinti Parkında ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyaları dünyanın gündəmini zəbt edən əsas mövzulardandır.

Türkiyə mətbuatı İstanbuldan başlayan aksiyaların hər ötən gün sürətləndiyi və artıq ölkənin digər böyük şəhərlərinə sirayət etdiyi haqqında xəbərlər yayır. Məlumatlarda, aksiyalarda çoxlu sayda insanın xəsarət aldığı, 900 nəfərin həbs olunduğu deyilir. Qeyri-rəsmi mənbələr isə aksiyaçılar arasında hətta ölənlərin də olduğunu iddia edir.

Əslində isə qardaş ölkədə nə baş verir? Gəzinti Parkında ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyasının bu qədər geniş və aqressiv xarakter almasına səbəb nədir?

Məsələ ilə bağlı Türkiyənin tanınmış jurnalisti, dünyaca məşhur Euronews televiziya kanalının müxbiri Yasin Tuncerin fikirlərini bildirib.

Hazırda İstanbulda olan telejurnalist Taksimdəki olayların geniş xalq hərəkatına çevrilməsini kimlərinsə oyunu adlandırıb:

"Türkiyədə son dörd gündür inanılmaz hərəkətli günlər yaşanır. İstanbulda Gezi Parkının sökülməsinə etirazla başlayan küçə mitinqləri bir anda hökumət əleyhinə böyük bir hərəkata çevrildi. Faktdır ki, Türkiyə, AK Parti idarəçiliyində son 10 ildə iqtisadiyyatını düzəldərək irəliləməyi bacarıb. Keçən ay IMF-yə olan son borc ödənildi və ölkədə son 20 ildir PKK ilə davam edən daxili gərginlik sona çatıb. Sülh küləyinin əsməyə başladığı bu günlərdə belə hadisələrin yaşanması sanki Türkiyənin yüksəlməsini istəməyən birilərinin olduğunu hiss etdirir.

Telejurnalist həmçinin deyib ki, aksiyaların qarşısı alınmasa Türkiyə üçün çox böyük təhlükə gözlənilir: "Hazırda təkcə İstanbul deyil, Ankara, İzmir, Antalya kimi böyük şəhərlərdə aksiyalar keçirilir. Aksiya iştirakçıları baş nazir Rəcəb Tayyib Ərdoğan`ın hərəkətlərini və sözlərini sərt qəbul etdikləri üçün qarşı çıxıblar. Xüsusən də hökümətin keçən ay etdiyi içki qadağası bəlli bir kütləni çox narahat edib. İnsanlar şəxsi həyatlarına qarışılmasını istəmirlər. Türkiyə keçmişdə də bu cür daxili qarışıqlıqlar yaşayıb və böyük zərər görüb. İndi sabitliyin bərqərar olması və mühitin yumuşaldılması mütləqdir, əks halda Türkiyə üçün çox böyük təhlükə gözlənilir". //azxeber//

AzNews.az