Etiraz aksiyalarında daha bir nəfər öldü- Türkiyədə

İstanbulun Taksim meydanına yaxın Gəzinti parkındakı ağacların kəsilməsi və bölgədə ticarət mərkəzi tikilməsinə qarşı etiraz edən vətəndaşların aksiyası bu gecə də davam edib



Antakya şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 22 yaşlı etirazçı Abdullah Comərt qətlə yetirilib. Bununla da etiraz aksiyalarında ölənlərin sayı 2-yə çatıb.

Paytaxt Ankarada Kızılay meydanında etiraz edən insanlara polis müdaxilə edib və 500-dək insan həbs edilib. Polis şəhərin digər yerlərində də analoji aksiyaları dağıdıb. Qarşıdurma zamanı "Habertürk" qəzetinin müxbiri Bedirhan Özyigit yaralanıb. Həmçinin polislərin istifadə etdiyi zirehli maşınlardan (TOMA) biri də yandırılıb.

İstanbulda Taksim meydanında və İstiqlal küçəsində gecə nisbətən sakit keçib. Lakin Beşiktaş meydanında polislə etirazçılar arasında qarşıdurma baş verib.

Etiraz aksiyaları həmçinin Adana, Eskişehir, Malatya, Hatay, Kocaeli, Ədirnə, Tunceli, Trabzon, Antalya, Bodrum, İzmir, Kayseri və Samsun şəhərlərində də keçirilib. (apa.az)

AzNews.az