İranlılar eks-prezidenti belə yola saldılar: “Əhmədi bay-bay, Əhmədi bay-bay”

İyunun 15-i prezident seçkisinin yekun nəticələri açıqlandıqdan sonra paytaxt Tehranda və ölkənin digər şəhərlərində Həsən Ruhaniyə səs vermiş on minlərlə vətəndaş küçə və meydanlara toplaşaraq qələbəni bayram ediblər.

Paytaxtda, Təbriz, Məşhəd, Əhvaz, Ərak, Şiraz və digər şəhərlərdə on minlərlə vətəndaş küçə və meydanlarda toplaşaraq musiqi səsləndirərək qızlı-oğlanlı rəqs edib, Həsən Ruhani və keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin lehinə şüarlar səsləndiriblər.

Tehranda gecə yarılarına qədər davam edən qələbə bayramında Həsən Ruhani və onu dəstəkləyən rəsmilərin lehinə şüarlar səsləndirilib, 3 ilə yaxındır ev dustaqlığında saxlanan "yaşıl hərəkat"ın rəhbərləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb olunub.

"Demişdim: ölsəm də səsimi geri alacağam", "Ya Hüseyn, Mirhüseyn", "Yaşasın Musəvi, yaşasın Xatəmi", "Musəviyə, Kərrubiyə azadlıq", "Siyasi məhbuslara azadlıq", "Musəvi hardasan, gəl gör necə həngamə qopub" və "Əhmədi bay-bay, Əhmədi bay-bay" (Əhmədinejad, xudahafiz – red.) şüarları səsləndirən aksiyaçılar ölkədə dəyişiklik və islahatlar aparılmasını tələb ediblər.//mediaforum//

AzNews.az