PKK Türkiyəyə məxsus helikopteri atəşə tutdu

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərini daşıyan hərbi helikopter ölkənin cənub-şərqində atəşə tutulub.


APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.


Açıqlamada bildirilir ki, iyunun 20-də saat 18.40-da aralarında 3-cü diviziyanın komandanı və jandarma korpusunun komandanının da olduğu hərbçiləri daşıyan S-70 helikopterinə Hakkari vilayətinin Yüksəkova qəsəbəsi ərazisindəki İkiyaka dağı üzərində PKK terrorçuları tərəfindən 4 dəfə atəş açılıb. Helikopter manevr edərək sürətlə hadisə yerindən uzaqlaşıb və Hakkari dağ-kommando diviziyasının bazasına enib.

Xatırladaq ki, PKK bu ilin martında atəşkəs elan edib və hazırda kürd probleminin həllinə dair Türkiyə hökuməti ilə terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan arasında danışıqlar aparılır.

AzNews.az