Azərbaycanlılar Türkiyədə mülk sahibi olmaqdan imtina edir – SƏBƏB


Türkiyədə son zamanlar baş verən hadisələr bu ölkənin iqtisadiyyatına xeyli ziyan vurub. Təkcə daşınmaz əmlak sektoruna dəyən ziyanın həcminin 1 milyard lirəyə yaxın olduğu bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, külli miqdarda ziyanın dəyməsində əsas səbəb bu ölkədə ev almaq istəyən potensial müştərilərin öz fikirlərindən daşınaraq hətta beh kimi verdikləri vəsaiti də geri istəmələridir.

Türkiyədə daşınmaz əmlak bazarının əsas müştərilərinin isə varlı ərəblər və Türkiyədə ev almaq üçün şərtlərin daha uyğun olduğunu düşünən azərbaycanlılar təşkil edir. Ərəbləri daha çox bahalı villalar və yazlıqlar maraqlandırdığı halda, azərbaycanlılar əsasən münasib qiymətə olan bina evlərinə üstünlük verib.

Bu zaman evin dəyərinin kreditlə ödənilməsi və güzəştlərdən yararlanmaq da azərbaycanlı müştərilərin sayını artırmışdı.

Ancaq son zamanlar Türkiyədə baş verən etiraz aksiyaları daşınmaz əmlak bazarına birbaşa təsir edərək əcnəbi müştəriləri bu ölkədə ev almaq niyyətindən daşındırıb.

Elnarə
AzNews.az