İranda narkotikdən istifadə edən qadınların sayı artıb

Ötən 20 il ərzində İranda hər 30 narkotik istifadəçisindən biri qadın idisə, bəzi qeyri-rəsmi statistikalara görə, indi hər 3 narkotik istifadəçisindən biri qadındır.

Bunu İranın Məşhəd Tibb Universitetinin prorektoru Rza Səidi deyib.

Səidi bu gün Məşhəd şəhərində "Qadınlar və narkotik maddələrdən istifadənin qarşısının alınması" mövzusunda keçirilən konfransda çıxışı zamanı narkotik istifadəçisi olan qadınların problemlərindən danışıb: "Qadınların əylənməsi, sağlam istirahəti və idmanla məşğul olmaları üçün şərait yaradılmalıdır".

Prorektor əlavə edib ki, narkotik aludəçisi olan qadınların hepatit və HİV virusuna yoluxma təhlükəsi daha çoxdur.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmi statistikasına görə, ölkədə hazırda bir milyon 350 min nəfər narkotik istifadəçisi var ki, onlardan 9,6 faizi (130 min nəfəri) qadındır. Ötən il isə (İranda il martın 21-də dəyişir) rəsmi statistikaya görə, İranda bir milyon 325 min nəfər narkotik istifadəçisi olub ki, onlardan 9 faizi qadın olub.

Narkotikdən asılılığı olanların böyük əksəriyyəti 15-64 yaş arasındadır.(trend.az)

AzNews.az