Tanınmış azərbaycanlı fəal məhkəməyə çağırıldı

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani məhkəməyə ifadə verməyə çağırılıb. APA-nın "Oyannews"a istinadən məlumatına görə, tanınmış azərbaycanlı fəalın evinə gələn çağırış vərəqəsində üç gün ərzində Ərdəbil İnqilab Məhkəməsində olması istənilib.

Qeyd edək ki, A. Lisani barəsində yeni təhqiqat işi başlayıb. Azərbaycanlı fəala "Çənlibel" adlı qrup təşkil etmək, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAzTV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.

Xatırladaq ki, A. Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib.

Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə həbs cəzasının bir hissəsini Yəzd həbsxanasında çəkib. A. Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.

AzNews.az