Əhmədinejat dövlət büdcəsini talayıb - 9 milyard dollarlıq iddia

Sabiq dövlət başçısı ağır cəza ala bilər

İranın Hesablama Palatası Əhmədinejat hökumətini son 4 ildə 9 milyard dollardan çox büdcədə nəzərdə tutulmayan vəsaiti xərcləməkdə ittiham edib. Bu xərclərin qanun pozuntusu hesab edildiyini bildirən Hesablama Palatasının rəyinə görə, qanun pozuntusu subsidiyaların verilməsi və hökumətin müxtəlif sahələrə əlavə vəsait buraxması nəticəsində yaranıb.

9 milyard dollarlıq qanunsuz xərcə səbəb olan əsas amil isə ölkədə kəskin şəkildə müşahidə olunan iqtisadi böhranın aradan qaldırılması cəhdi olub. İqtisadi sanksiyalar məngənəsində boğulan Əhmədinejat hökuməti vəziyyətdən çıxış yolu axtararkən nəzərdə tutulmayan miqdarda büdcə vəsaitini xərcləməklə ittiham edilir.

Hələlik Hesablama Palatası konkret olaraq hansı sahəyə nə qədər əlavə vəsait sərf edildiyini açıqlamayıb. Hazırda detallı yoxlamalar aparılır və yaxın zamanda 9 milyard dollarlıq qanun pozuntusunun sərf edildiyi sahələr üzrə arayış təqdim ediləcək.

Elnarə
AzNews.az