Abbas Abbasova yeni vəzifə verildi – Putindən məktub


"Milyarderlər İttifaqı"nın rəhbəri, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının bu gün keçirilən 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib.

AzNews.az xəbər verir ki, qurultayda 150 nümayəndə iştirak edib. Dağıstanın hazırkı rəhbəri Ramazan Abdulatipov isə Assambleyanın fəxri sədri seçilib.

Ağsaqqallar Şurasının sədri Abbas Abbasov çıxışında hər kəsə təşəkkür edərək, uzaq yerlərdən gələn qonaqlara xüsusi minnətdarlığını bildirib. Qurultayın mühümlüyünü qeyd edən A.Abbasov bildirib ki, AzərRos tarixində yeni era başlayır. O Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına öz işlərində diqqətli olmağı və Rusiyada yaşayan azərbaycanlıların komfortlu yaşaması üçün əllərindən gələni etməli olduqlarını xatırladıb. "Biz elə bir ölkədə yaşayırıq ki, burada təkcə azərbaycanlı və rusiyalı xalqlardan başqa digər xalqlar da yaşayır. Buna görə də biz təkcə özümüzü deyil, bütün xalqları düşünməli və maksimum dostluq əlaqələrini gücləndirməliyik".

Qurultayın sonunda Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubu oxunub.

Aynur
AzNews.az