Həbsxanada aclıq edən fəalın səhhəti pisləşib

Təbrizin mərkəzi həbsxanasında saxlanılan və iyulun 13-dən etibarən aclıq aksiyasına başlayan güneyli fəalların vəziyyəti ağırlaşıb.

Xüsusilə Yeni GAMOH-un Mərkəzi Komitəsinin üzvü Mahmud Fəzlinin durumu pisləşib. Bütöv Azərbaycan ocalarından verilən məlumata görə, qurum təmsilçisi həbsxananın səhiyyə bölümünə aparılıb.

Qeyd edək ki, Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə Təbriz İnqilab Məhkəməsi tərəfindən 9 il müddətinə verilən həbs cəzasına etiraz əlaməti olaraq bu aksiyaya başlayıblar.

Xatırladaq ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib.

Qərar Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Elnarə
AzNews.az