Prezidentin balıq ovu aranı qatdı

Rusiya prezidenti Vladimir Putinin Tuvada 20 kq balıq tutduğu yerdə çəkilən şəkilləri sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub.

Bloqqerlər şəkillərin saxta olduğunu bildirərək Putinin saatı və hətta geyimini belə müzakirəyə çıxarıblar. Onların iddiasına görə, şəkillərdə Putinin geyimi və hətta saatı da 2007-ci ildəki görüntülərlə eynidir.

Müzakirələrin ciddiləşməsi prezidentin mətbuat katibinin bəyanat verməsi ilə nəticələnib. Prezidentin mətbuat katibi Dmirti Peskov şəklin müzakirəyə çıxarılmasını yay dövründə xəbər qıtlığı ilə əlaqələndirib.

Peskovun sözlərinə görə, şəkildə Putinin əynindəki paltar iddia edildiyi kimi köhnə yox, tamamilə təzədir. Putinin saatı ilə bağlı da məsələyə aydınlıq gətirən mətbuat katibi bu barədə söylənənlərin həqiqət olmadığını deyib: "Orjinal saatlarını prezident öz səfəri zamanı bir nəfərə bağışlayıb, daha sonra isə özünə həmin saatlardan yenisini alıb. Çünki məhz həmin saatlara adət edib".

Putinin tutduğu balığın 20 kq olması barədə məlumatların da yalan olduğunu iddia edən bloqqerlərə cavab verən Peskov "Mən özüm şəxsən tərəzini gördüm. Balıq 20 kiloqramdan artıq idi" - deyib.

Elnarə
AzNews.az