Paytaxt bazarlarında “təmizləmə” əməliyyatına başlandı

Rusiya polisi paytaxt bazarlarında "təmizləmə" əməliyyatına başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, buna səbəb ötən şənbə günü baş verən hadisə olub. Belə ki, paytaxtın Matveevski bazarında şübhəli şəxsi - Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsinə göstəriş verilib.

Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, günün ilk yarısında bazarda keçirilən əməliyyatlar zamanı 300 nəfərdən çox şəxs saxlanılıb. Əməliyyat zamanı qafqazlı görkəmində olan bütün şəxslər saxlanılır.

Qeyd edək ki, bazarda polislərin saxlamaq istədiyi Maqomed Maqomedov 16 yaşlı qızı zorlamaqda şübhəli bilinir.

AzNews.az