Güney Azərbaycanda həbs və edamlarla dolu həftə- HESABAT

Vətəndaş Həmrəyliyi Partiyasının Diasporla İş Şöbəsi Güney Azərbaycanda həftə ərzində baş verənlərlə bağlı hesabat yayıb. Ötən həftə Güney Azərbaycanın Əhər, Heris və Vərziqan şəhərlərində yüzlərlə adamın ölməsinə, minlərlə insanın yaralanmasına və on minlərlə soydaşımızın evsiz-eşiksiz qalmasına səbəb olan Qaradağ zəlzələsindən bir ili tamam olub.

Həmçinin Zəncanda avqustun 11-i və 15-də Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Həftənin hadisələri arasında Zəhra Pursayi və Əli Sayi Başsızın zinada günahlandırılaraq daşqalaq olunması barədə hökm çıxarılıb.
Ötən həftə Təbrizdə azərbaycanlı jurnalist və yazıçı Həmid Zare Məhəmmədinin həbsi ilə də yadda qalıb. Həmçinin Təbrizdə 3 azərbaycanlı - Fərşid Müdərris Əvvəl, Məhəmmədrza Piri və Yaşar Fərzin No ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.
Avqustun 22-23-də 15 azərbaycanlı fəal həbs olunub. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər Mənsur Seyfi, Milad Qadiri, Kiyumərs İslami, Səccad Culani, Əli Əhmədi, Meysəm Culani, Əhməd Məhəmmədpur, Mürtəza Qüdrəti, Bəhram Bəradərən, Beytulla Bərzigər, Məhəmməd Xakpur, Cəfər Ağaməhəmmədi, Əli Feyzi, Fəyyaz Kərimi və Əkbər Əbulzadədir. Bundan əlavə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalları həbs edərkən gözləri görməyən S. Culanini təhqir edib və sazını əlindən alaraq sındırıblar.

Avqustun 22-də Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsində İbrahim Rəşidinin (Savalan) məhkəməsi keçirilib. Hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda təqsirli bilinən milli fəal 1 il azadlıqdan məhrum olunub.

Həftə ərzində Cavid Hutənkian həbsxanadan azadlığa buraxılıb. O, zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin vəkili olub. C. Hutənkian 2010-cu il oktyabrın 10-da S. Aştianinin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə ETTELAAT əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasına köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. C. Hutənkian 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsi ona 1 il, Təbriz Ümumi Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi hər iki qərarı qüvvədə saxlayıb.

Həmçinin tanınmış azərbaycanlı fəal qandallanaraq xəstəxanaya aparılıb. Belə ki, Ayaq sümüyünə platin yerləşdirilmiş Abdullah (Güntay) Səduqinin ortopedlər tərəfindən müayinə edilməsinə ehtiyac yaranıb. Bir ay əvvəl ayağı şişən azərbaycanlı fəalın müayinəsinə həbsxana rəhbərliyi icazə verməyib Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizdə iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən 29 azərbaycanlı fəalla birlikdə həbs olunmuşdu.

Ötən həftə Təbriz, Ərdəbil və Urmiyada çoxsaylı edamlar həyata keçirilib və dara çəkilənlərin arasında azərbaycanlılar da var.

Hesabata əsasən İran dövlət televiziyası il ərzində Urmiya gölünün su hövzəsinin sahəsinin genişləndiyi barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırda Urmiya gölünün sahəsi 3476,94 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,99 kv. km genişlənmə deməkdir. Ötən ilin eyni dövründə Urmiya gölünün su hövzəsinin sahəsi 3386,95 kv. km olub. Bundan başqa, hazırda Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 sm qalxıb. Belə ki, indi Urmiya gölündə suyun səviyyəsinin tarazlığı 1270,87 metrdir. Eyni zamanda hazırda Urmiya gölündəki suyun həcmi 12,60 mlrd. kubmetrdir. Ötən ilin oxşar dövründə isə bu rəqəm 11,83 mlrd. kubmetr təşkil edib.
İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad isə bildirib ki, Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir: "Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi yalnız kənd təsərrüfatı, sənətkarlıq və turizmi inkişaf etdirmək məqsədilə həyata keçirilir. Bu layihəni belə bir məqsəd üçün reallaşdıran şəxslər Urmiya gölü quruyandan sonra bölgədə artıq kənd təsərrüfatının məhv olacağını bilmirlər? Hazırda Urmiya gölünün yalnız 1/3 hissəsi qalıb: "Həmin hissə də quruyanda yerində qalacaq duz kütlələri Azərbaycan, Kürdüstan, Məşhəd və Tehran vilayətləri də daxil olmaqla bütün İranı əhatə edəcək".

Elnarə
AzNews.az