“Rusiya Ermənistanın bir nömrəli tərəfdaşıdır”

"Rusiya ticarət – iqtisadi münasibətlərinə görə Ermənistanın bir nömrəli tərəfdaşıdır və bu tendensiya saxlanılır".

Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Serj Sarkisyanı Novo-Oqrayovodakı iqamətgahında qəbul edərkən deyib. Putin bu il ərzində Sərkisyanla ikinci dəfə görüşdüyündən məmnun olduğunu bildirib.

"Bizim bütün istiqamətlər üzrə əlaqələrimizin belə intensiv inkişafı məni çox sevindirir. Bütün bu əlaqələrin nəticəsi müsbətdir"-deyə Putin vurğulayıb.

S. Sarkisyan öz növbəsində qeyd edib ki, iki ölkə arasında münasibətlər "tarixi ənənələrə söykənir". "Bu dəvətə görə təşəkkür edirəm. Bizim müzakirə etmək üçün xeyli məsələmiz yığılıb. Əlaqələrimizin daha da möhkəmlənməsi üçün bunları müzakirə etmək və qərar qəbul etmək lazımdır".

Sarkisyan qeyd edib ki, erməni və rus xalqının hər bir nəsli bu münasibətlər tarixinə öz töhfəsini verməlidir. "Biz bu münasibətləri yüksək qiymətləndiririk və onun dağılmaması üçün əlimizdən gələni edəcəyik. Bu bizim üçün mütləq prioritetdir"-deyən Sarkisyan qeyd edib ki, əməkdaşlıq qarşılıqlı yardım və dostluq haqqında sazişə uyğun inkişaf edəcək.

"Amma bununla yanaşı həlli vacib olan məsələlər də var. Bu məsələləri ona görə həll etmək lazımdır ki, münasibətlərimiz daha yeni və yüksək səviyyəyə qalxsın"-deyə S. Sarkisyan vurğulayıb.

AzNews.az