Müdafiə Nazirliyindən Seyran Ohanyana cavab

"Cəbhə xəttindəki hər hansı vəziyyəti Azərbaycandakı siyasi proseslərlə, xüsusilə də prezident seçkiləri ilə əlaqələndirmək uydurma yanaşmadır".

Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycan hərbçilərinin, xüsusən də snayperlərin cəbhə xətti boyu fəallaşdığını və bunun Azərbaycandakı siyasi şərait, yəni prezident seçkiləri ilə əlaqələndirməsi fikrinə cavab olaraq bildirib.

Onun fikrincə, Ermənistan tərəfi belə bəyanatlarla ölkədəki narazı əhalinin diqqətini yayındırmağa çalışır: "Bilirsiz ki, Ermənistanın daxilində vəziyyət çox kəskindir. Əhali Ermənistan hakimiyyətinə qarşı demək olar ki, hər gün narazılıqlarını ifadə edir. Bu vəziyyəti müəyyən dərəcədə yumşaltmaq üçün məsələni Azərbaycan tərəfinin üzərinə yönəltməyə cəhd edirlər.

Qoy onlar narahat olmasınlar, seçkilərlə bağlı Azərbaycanda hər şey normaldır. İstər siyasi, istərsə də cəbhə xəttindəki vəziyyət diqqət mərkəzindədir."

Cəbhə xəttində snaperlərin aktivliyinə gəlincə, polkovnik E.Sabiorğlunun sözlərinə görə, nə qədər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyib, bu problemi həll etmək mümkün olmayacaq:

"Belə bir vəziyyət hər zaman var. Nə qədər ki, Ermənistanın işğalçılıq siyasəti aradan qalxmayıb, cəbhədə narahatlıqlar mövcud olacaq. Onlar snayperlərin fəallaşmasından çox narahatlıqlarını bildirirlər və hətta təkliflər irəli sürürlər ki, snayperlər cəbhə xəttindən yığışdırılsın. Onlar başa düşmürlər ki, snayperləri yığışdırmaqla problemi həll etmək mümkün deyil. Problemi kökündən həll etmək üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkib, Azərbaycan torpaqlarını tərk etməlidir. O zaman nədənsə danışmaq mümkündür."

AzNews.az