“Nüvə proqramı ilə bağlı müzakirələr aparılacaq“ -Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani nüvə proqramı ilə bağlı Nyu-Yorkda müzakirələrin aparılacağını bildirib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Ruhani bu gün səhər İmam cümələrin (cümə namazı qılan şəxslərin) toplantısında çıxışı zamanı bildirib ki, Nyu-Yorkda aparılan danışıqlardan sonra İran və 5+1 ölkələri arasında müzakirələr keçiriləcək. Ruhani bildirib: "İran və 5+1 ölkələri arasındakı müzakirələrin yeri və vaxtı ilə bağlı sonra açıqlama veriləcək".

O əlavə edib ki, biz bütün çətinlikləri geridə qoymalıyıq, məsləhətli hərəkət etməklə boyun əyməkdən də çəkinməliyik.

Ruhani, həmçinin deyib ki, ölkəsi sülhyönlü nüvə proqramı ilə bağlı İran xalqının hüquqlarının qorunub saxlanılmasından bir addım belə geri çəkilməyəcək.

İran Prezidenti Həsən Ruhaninin sentyabrın sonlarında Nyu-Yorka səfəri gözlənilir. O, BMT Baş Məclisinin iclasında iştirak edəcək. İclas çərçivəsində İran rəsmiləri ilə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton arasında danışıqların baş tutacağı gözlənilir.

AzNews.az