İranda 6 nəfər vəba xəstəliyindən öldü

İranda 6 nəfər vəba xəstəliyindən ölüb. APA-nın "Radiofərda"ya istinadən məlumatına görə, bunu İran parlamentinin səhiyyə və dərman komissiyasının sözçüsü Məhəmməd Hüseyn Qurbani bildirib.

Onun sözlərinə görə, ölkədə vəba epidemiyasına yoluxanların sayı artır və hazırda 174 nəfərdə belə bir xəstəlik qeydə alınıb: "Bu gün vəba epidemiyası İranın 10 vilayətində müşahidə edilir. Bu xəstəliyin yayılmasına səbəb şərq sərhədlərindən ölkəyə daxil olan qeyri-leqal miqrantlardır. Vəba epidemiyasından ölənlərin heç biri İran vətəndaşları deyil. Bununla belə, vəbaya yoluxanlardan neçə nəfərinin İran vətəndaşı və qeyri-leqal miqrant olduğu bilinmir".

Qeyd edək ki, bu günlərdə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzinin sədr müavini Mahmud Nəbəvi ümumilikdə ölkə ərazisində 170 nəfərin vəba xəstəliyinə yoluxduğunu, onlardan 144 nəfərinin Əfqanıstan, 1 nəfərinin Pakistan və 25 nəfərin isə İran vətəndaşı olduğunu bildirib. O, həmçinin Tehranda və Kərəcdə 1 nəfərdə vəba epidemiyasına yoluxma faktının qeydə alındığını, xəstəliyin daha çox İranın 10 vilayətində, xüsusilə Tehran, Kirman və Sistan və Bəlucistanda müşahidə edildiyini vurğulayıb.

AzNews.az