Azərbaycanlı fəal həbs edildi

İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əli Səmədpuru sentyabrın 30-da evinə basqın edərək tutublar və naməlum istiqamətə aparıblar.

Azərbaycanlı fəal daha sonra ailəsinə zəng edərək Sarab (Sərab) şəhərinin həbsxanasında olduğunu bildirib. Ə.Səmədpurun bir illik həbs cəzasını çəkməsi üçün tutulduğu ehtimal edilir.

Qeyd edək ki, azərbaycanlı fəal Səhənd Məali, Həmid Tohidi, və Seyid Camal Musəvinejad ilə birlikdə 2012-ci il mayın 24-də Sarab şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs ediliblər. S.Məali və C.Musəvinejad 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə.Səmədpur ürəkgetmə xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb. Ə.Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb. Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər.

Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib. Artıq qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bundan əvvəl, sentyabrın 29-da S. Məali ikillik həbs cəzasını çəkməsi üçün həbsxanaya salınıb.

AzNews.az