Türkiyəni dəhşətə gətirən hadisə

Türkiyədə yaşanan hadisə insanları şoka salıb. Övladlarını satmaq, başqasına vermək və uşaq götürmək istəyən qadınlar "evlatlikarayanlar.com" adlı sayt qurub. Saytda ana olmağa namizəd olan qadınların dərc etdiyi elanlar görənləri şoka salıb. Bir ananın övladından imtina etməsi və xilas olmaq istəyinə fərdin deyil, cəmiyyətin problemi adı da qoyula bilər. Saytın idarəçisi, "Siz də özünüzə övlad tapa bilərsiniz. Saytımız vasitəsilə övlad əldə edə bilmək artıq çox asandır" kimi ifadələrdən istifadə edib. Ancaq yaranan skandal saytın məzmununa zidd olması ilə diqqət çəkir. Saytda göstərilən elanları diqqətinizə çatdırırıq:


Tələbəyəm, doğuşuma bir ay qalıb…

"E.H." adlı bir universitet tələbəsinin elanı adamı dəhşətə salır: "Doğuşuma bir ay qalıb. Bir səhv nəticəsində hamilə qalmışam. Aborta cəsarət edə bilmirəm. Nikahdan kənar uşağım dünyaya gələcək. Bu körpənin ortada qalmasını istəmirəm..."

Pul istəmirəm, yetər ki, getsin

Əsmər adıyla sayta üzv olan bir başqa ana namizədin isə qeydi belə olub: "Yaxın zamanda doğulacaq qızımı övladlığa vermək istəyirəm. Nikahdan kənar bir əlaqəyə girdiyimdən ailəmin xəbəri yoxdur. Övladımı rəsmi və ya qeyri-rəsmi yolla birinə vermək istəyirəm..."


Xilas olmaq istəyirəm


Leyla adında bir başqa istifadəçi də körpəsindən xilas olmaq üçün: "20 günə qədər nikahdan kənar bir qız körpəm olacaq. Ərimlə 2 il yarımdır ayrılmışam. Heç kim bilmədən və qarşılıq gözləmədən doğulacaq körpəmi birinə verib xilas olmaq istəyirəm",- deyə elan verib.

Şok yaradan elanlar

"Bir qız körpəm olacaq. Doğuşuma çox az qalıb. Ankarada yaşayıram. Daxilində sevgi və hörmət hissi olan, həqiqətən övlad sahibi olmaq istəyən bir ailəyə körpəmi vermək istəyirəm. – Təciliii..."

"Təxminən üç ay sonra dünyaya gələcək olan körpəmi xəstəxanadan birbaşa etibarlı bir ailəyə təmannasız şəkildə vermək istəyirəm. İmdadıma çatsanız sevinərəm..."

"Bəzi çətinliklərə görə yaxında doğulacaq körpəmizi əvvəlcə Allah qorxusu olan, sonra da çox ciddi düşünən bir ailəyə vermək istəyirik. Körpə artıq 4 aylıqdır, həkimə belə gedə bilməmişik. Qeyd: Rəsmi olaraq da evliyik".

"Mərhaba, səkkiz aylıq hamiləyəm. Bir oğlan gözləyirəm və övladlığa vermək istəyirəm. Maraqlanan ailələr məni bu nömrədən dərhal axtarsın. Heç bir qarşılıq gözləmirəm".


Sayt idarəçisi: Maddi dəstəyə ehtiyacımız var

Sayt idarəçisi olduğu aydın olan adamın üzvlərə göndərdiyi 2 sentyabr tarixli "Övlad götürmək istəyənlər üçün şərtlər" başlıqlı yazıda məqsədini açıq şəkildə ortaya qoyur. Övlad götürmək, ya da vermək istəyən ailələri ziyarət etdiyini ifadə edən şəxs maddi dəstəyə ehtiyac duyduqlarını vurğulayır. Və ardıyca da sayta üzvlük əvəzinin ödənilməməsindən şikayətlənir.

Axar.az