Azərbaycan-İran sərhədindən vətəndaşların keçidi bərpa olundu

İran və Azərbaycan sərhədçiləri arasında görüş keçirilib




Noyabrın 7-dən Biləsuvar sərhəd buraxılış məntəqəsində yaranmış gərginlik nisbətən aradan qaldırılıb.


Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, piyada vətəndaşların iki tərəfli gedişi artıq bərpa olunub. Yaxın vaxtlarda nəqliyyat vasitələrinin də hər iki ölkənin sərhəd-keçid məntəqəsindən buraxılacağı gözlənilir.

Qeyd edək ki, İranın ölkəmizdəki səfirliyi Azərbaycan sərhədçiləri tərəfindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin bağlandığını əsas gətirərək, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlandığını bəyan edib.

Dünən isə İran və Azərbaycan sərhədçiləri arasında Poldəşt sərhəd məntəqəsində görüş keçirilib. Görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problemlər ətrafında müzakirələr aparılıb. Görüşdə qərara alınıb ki, bu cür təmaslar davam etdirilməsi, eləcə də bağlanmış sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağı vurğulanıb.

Azərbaycan tərəfdən açıq olan Biləsuvar sərhəd-buraxılış məntəqəsi son saatlaradək İran tərəfdən bağlı olaraq qalmaqda idi.

Məlumata görə, hazırda İran tərəfdən Azərbaycana keçmək istəyən piyadaların sayı 1000 nəfərdən çoxdur. Həmçinin 200-dək nəqliyyat vasitəsi növbədə dayanıb. Azərbaycan tərəfdə də İrana keçmək istəyənlərin sayı getdikcə artmaqdadır. Naxçıvandan olan ağır tonnajlı yük maşınının sürücüsü APA-nın müxbiri ilə söhbətində ona məxsus nəqliyyat vasitəsinin qoşqusunda ərzaq məhsullarının olduğunu, vəziyyətin belə davam edəcəyi halda, onların xarab olacağından narahat olduğunu bildirib.

AzNews.az