Siyasi partiya, yoxsa qumarxana?

Türkiyədə bəzi qumarxana və əyləncə məkanları "Siyasi Partiyalar" haqqında qanundakı boşluqlardan yararlanır.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məkanlar siyasi partiya adı altında açılır. Beləliklə də polisdən və maliyyə polisindən yaxa qurtarmaqla yanaşı, vergi də ödəmirlər.
Artıq bununla bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edilərək bu məkanların bağlanması tələb olunur.

Təkcə Qaziantep şəhərində 4 siyasi partiya yaratmaq adı ilə 30-a yaxın adam Daxili İşlər Nazirliyinə müraciət edib. Siyasi partiya adı ilə yaradılan bu qumarxana, əyləncə məkanları heç bir icazə olmadan, qeydiyyatsız və yoxlamalardan kənarda fəaliyyət göstərə bilirlər. Siyasi partiya yaratdıqlarını bildirən bu şəxslər daha sonra qumarxana və ya gecə kluba açıb fəaliyyətə başlayırlar.

Bu vəziyyət ortaya çıxdığı zaman polis reyd keçirmək istəyib. Ancaq məkan sahibləri "Bura siyasi partiyadır. Bura daxil olamğa icazəniz yoxdur" deyə polisi içəri buraxmayıb. Bundan sonra polis məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib.


Elnur
AzNews.az