SSRİ-nin bütün liderlərinə abidə qoyulacaq

Moskvada bütün SSRİ liderlərinin abidəsi qoyulacaq, yaxud xatirə lövhələri açılacaq.

APA-nın "Qrani.ru" saytına istinadən verdiyi məlumata görə, bu haqda Moskva şəhərinin Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov bildirib. Onun sözlərinə görə, söhbət həm sovet liderlərinin sökülmüş heykəllərinin, həm də yeni abidələrinin ucaldılmasından gedir. Bununla belə, S.Kapkov qeyd edib ki, İosif Stalinə yeni abidə qoyulacağı planlaşdırılmayıb. Çünki Qızıl Meydandakı kitabədə onun adı artıq əbədiləşdirilib.

Bu bəyanatla S. Kapkov Leonid Brejnevin 30 il yaşadığı evə xatirə lövhəsinin vurulması mərasimində çıxış edib. Mədəniyyət Departamentinin rəhbəri hesab edir ki, L. Brejnev Rusiya tarixində mühüm rol oynayıb, ölkə üçün çox şey edib.

Mərasimdə iştirak edən müğənni İosif Kobzon Moskvada Stalinin heykəlinin qoyulmasını, Lubyanka meydanına isə Feliks Dzerjinskinin heykəlinin qaytarılmasını təklif edib. İ. Kobzon bəyan edib ki, Rusiyada Brejnevin adına park, küçə, yaxud meydan da olmalıdır.

Qeyd edək ki, xatirə lövhəsinin açılış mərasimi dekabrın 19-da, Brejnevin vaxtilə yaşadığı Kutuzov prospekti, 26 ünvanında baş tutub. 1991-ci ildə sökülən lövhəni fotolar vasitəsilə Aleksandr və Filip Rukavişnikovlar bərpa ediblər. Lövhənin qaytarılması Brejnevin anadan olmasının 107 illiyinə təsadüf edib.

SSRİ-nin dağılmasından sonra Rusiyanın şəhərlərində bir çox abidə və xatirə lövhələri sökülüb, şəhər, meydan və yaşayış məntəqələrində sovet xadimlərinin adı dəyişdirilib. Bununla belə, sosioloji sorğular göstərir ki, son zamanlar rusiyalılar sovet liderlərinin fəaliyyətini daha çox müsbət qiymətləndirirlər.

Məsələn, 2013-cü ilin məlumatlarına görə, Rusiyada ХХ əsrin ən məşhur dövlət başçıları kimi Leonid Brejnev, Vladimir Lenin və İosif Stalinin adı çəkilir.


AzNews.az