Erməni Milli Konqresi hökumətin istefasını tələb edir

Qaz borcu məsələsi üzrə müvəqqəti komissiyanın yaradılması təşəbbüsünün iflasa uğramasından sonra Ermənistan hökumətinin istefası məsələsinin qaldırılmasının vaxtı çatıb.

Trend-in verdiyi məlumata görə, bu barədə Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan fevraın 5-də jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hakim koalisiyaya daxil olmayan dörd parlament fraksiyası gələcək addımlarla bağlı məsləhətləşmələr aparır:

"Bu səsvermə ilə hakim Respublika Partiyasının hökumətin sövdələşmələrini ört-basdır edən siyasi qüvvə olduğu məlum oldu. Bu azmış kimi, partiya müvəqqəti komissiya yaratmağa cəsarəti çatmadığı üçün sövdələşməni gizlətdi, halbuki bir çox respublikaçıların bu məsələ ilə bağlı sualları var: bəziləri səsvermədə bitərəf qaldı və ya iştirak etmədi".

Bir neçə ay bundan əvvəl Ermənistan parlamenti və ictimaiyyəti 2010-cu ildən Ermənistan tərəfdən "Qazprom" şirkəti qarşısında yığılmış 300 milyon dollar borc, habelə Ermənistan hökumətinin "ArmRosQazprom" şirkətindəki səhmlərinin 20 faizinin Rusiyanın "Qazprom" şirkətinə satılmasına dair saziş barədə öyrəndi.

Fevralın 5-də parlament çoxluğu bu məsələ ilə bağlı müvəqqəti komissiyanın yaradılması ilə əlaqədar hakim koalisiyaya daxil olmayan dörd siyasi qüvvənin təşəbbüsünü rədd edib.

AzNews.az