Yanukoviçə xəbərdarlıq: “İstefa verməsən, saraya hücum edəcəyik”

Ukraynada hakimiyyət əleyhdarları prezident Viktor Yanukoviçə bu gün saat 12.00-a qədər vaxt verib.

AzNews.az-ın məlumatına görə, "AvroMaydan" Şurası prezident Viktor Yanukoviçin istefası ilə bağlı tələbi sərt şəkildə irəli sürüb.

"Maydan"da səhər saatlarına qədər davam edən mitinqdə xalq kütlələri və müxalifətdən olan fəallar bu gün saat 12.00-a qədər hazırkı prezidenti istefa verməyə çağıraraq, V. Yanukoviçə xəbərdarlıq ediblər: "Etiraz edən xalq kütlələrinə qarşı silahdan istifadə edərək, ukraynalıları qətlə yetirən hökumətlə hər hansı danışıqlar aparıla bilməz. Əks təqdirdə Prezident sarayına hücum ediləcək".

Bu arada Ali Radaya "Ukrayna prezidentinin impiçmenti haqqında" qanun layihəsi daxil olub.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, sənəd parlamentə Ukrayna Sosialist Partiyasının sədri Nikolay Rudkovski tərəfindən təqdim edilib.

Xatırladaq ki, son 4 gün ərzində Ukraynada hakimiyyət əleyhdarları ilə güc strukturları arasında toqquşmalarda, rəsmi məlumatlara görə, 77 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Fevralın 22 və 23 Ukraynada matəm günləri elan olunub.

Məhəmməd
AzNews.az