Abdullah Gül: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik“

Türkiyə Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül polşalı həmkarı Bronislav Komorovski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

A.Gül qeyd edib ki, Anakara Ukraynada vəziyyətin gedişatını izləyir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün açıqlamasında bildirmişdi: "Ukraynada yaşayan Krım tatarları bilməlidirlər ki, onlar yaranmış vəziyyətdə tək deyillər".

Onun sözlərinə görə, Krım tatarlarının təhlükəsizlik məsələsi rəsmi diqqət mərkəzindədir.

XİN rəhbəri bildirib ki, Ankara Krımda etnik toqquşmaların baş verəcəyindən ehtiyatlanır.

Ə.Davudoğlu bəyan edib ki, cümə axşamı Romada Rusiyanın XİN rəhbəri ilə Krımdakı vəziyyət də müzakirə olunacaq.

Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin xarici işlər naziri Ankarada Krım Tatarları Assosiasiyasının nümayəndələri ilə görüşüb.
"İlk olaraq biz ulu babalarımızdan əmanət qalan Krıma köməyə tələsdik", - deyən Ə.Davudoğlu Ukraynanın birliyinin və bütövlüyünün, eləcə də bu ölkənin vətəndaşlarının hüquq bərabərliyinin qorunmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan Krımda baş verən hadisələrlə bağlı zəruri tədbirlər görülməsi üçün göstəriş verib. Bundan əlavə XİN rəhbəri bildirib ki, nazirlikdə üç saatdan artıq davam edən təcili iclas zamanı məsələnin bütün detalları müzakirə olunub.

Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min adam toplaşaraq mitinq keçirib. Krımda etiraz aksiyasının güclənməsindən sonra Rusiya Federasiya Şurası Ukrayna ərazisində "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək" RF Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib.

Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik" sammitinə hazırlığı dayandırıblar.

AzNews.az