Ermənilərin soyqırım əməlləri ilə bağlı tədbirlər– Türkiyədə


Türkiyədə "31 mart 1918 - 26 fevral 1992: Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımları" mövzusunda tədbirlər keçirilir. AzNews.az-ın məlumatına görə, tədbirlər Yalova Qondarma Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Şəmsəddin Gürtəkinin təşkilatçılığı ilə keçirilir. İlk konfrans İstanbuldakı Halic Universitetində təşkil olunub.

Şəmsəddin Gürtəkin, Düzcə Universitetinin professoru Gökmen Kılıçoğlu, "Azermedia.az" Araşdırma Qrupu və "Yeni Çağ" qəzetinin rəhbəri Aqil Ələsgər, araşdırmaçı yazar Fuad Hilalov mövzu ilə bağlı çıxış ediblər. Konfransda qeyd olunub ki, ermənilər 100 ildən artıqdır özlərini məzlum kimi göstərsələr də, mahiyyətcə isə terrorçu düşüncəlidirlər və bunu əməli olaraq Türkiyə və Azərbaycanda törədiblər. Qarsda, Ərzurumda, Qubada olan kütləvi məzarlar buna bariz nümunədir.

Tədbirdə 31 mart və Xocalı Soyqırımları ilə bağlı kitab və şəkil sərgisi açılıb. Konfransın sonunda isə məruzəçilər universitet tərəfindən təşəkkür plaketləri təqdim olunublar. Daha sonra Maltəpə Türk Ocaqlarında qeyd olunan mövzu ilə bağlı konfrans keçirilib. Bu gün isə tədbirlər Kocaeli və Bursa şəhərlərində davam etdiriləcək.

AzNews.az