Rusiyameyilli qüvvələrə qarşı “48 saatlıq əməliyyat“

"Luqansk vilayətindəki separatizm əməllərinin qarşısı yaxın 48 saat ərzində alınacaq".

AzNews.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.

Nazir bildirib ki, problemin ilk olaraq danışıqlar yolu ilə həllinə cəhd edirlər. Bu alınmazsa məsələ güc yolu ilə həll olunacaq: "Separatçılardan kim danışıq istəyəcəksə, onunla dialoq aparılacaq. Əgər kimsə güclə danışmaq niyyətindədirsə, onunla istədiyi tərzdə söhbət ediləcək və Ukrayna dövlətinin gücünü görəcək".

Avakov Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Luqansk Vilayət İdarəsində saxlanılan girovlar haqda da məlumat verib: "Burada hazırda girov saxlanılan şəxslər Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. "

O, Xarkov, Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatlarının davam etdiyini də qeyd edib: "Yenə vurğulayıram. Bu problemin həlli üçün iki yol var. Biz bu variantların hər ikisinə hazırıq".

Xatırladaq ki, ötən gün Luqansk vilayətində bir qrup rusiyameyilli silahlı separatçı UTX-nin Luqansk İdarəsini ələ keçirib və orada çalışan 60-a yaxın əməkdaşı girov saxlayıb.

AzNews.az