Ukraynada baş verənlərə Yanukoviç rəhbərlik edir – İddia

Ukraynanın şərq vilayətlərində baş verənlər keçmiş prezident Viktor Yanukoviç tərəfindən idarə olunur.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu iddia ilə Ukraynanın sabiq daxili işlər naziri Yuriy Luçenko çıxış edib.
O açıqlamasında bildirib ki, vəzifəsindən kənarlaşdırılan sabiq prezidentin Ukraynanın şərq vilayətlərinə təsir imkanları hələ tükənməyib: "Bu gün də gərginlik yaşanan vilayətlərdəki milis bölmələri Yanukoviç tərəfindən idarə olunur".

Sabiq nazir deyib ki, V. Yanukoviç tərəfindən əmr alan milis nəfərləri bölgədə gərginliyin yaranmasında maraqlı tərəf kimi çıxış edirdilər: "Rusiya xüsusi xidmət orqanları da bu məqamdan lazımıca istifadə edirlər. Artıq bu sirr deyil. Luqanskda və Donetsk vilayətinin şimal rayonlarında baş verənlər bunun bariz nümunəsidir".

Y. Luçenko qeyd edib ki, bu proseslərdə milis rəislərinin satın alınması prosesi V. Yanukoviçin böyük oğlu tərəfindən həyata keçirilir: "Yanukoviçin vasitəsilə milis rəislərinə rüşvət verilir və onlardan rəsmi Kiyevin mövqeyini dəstəkləməmək tələb olunur. Bu gün separatçıların keçiridiyi bütün aksiyalarda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edir və yönəldir. Aksiyaların keçirilməsi üçün isə maliyyə dəstəyi Yanukoviçdən gəlir. Bu işdə Yanukoviçə Donbas vilayət milis idarəsinin keçmiş rəisi Romanov və daxili işlər nazirinin sabiq müavini Dubovik kömək edir. Məhz, bu 3 şəxs Ukraynanın şərqində baş qaldıran separatçıların fəaliyyətini idarə edir".

Əhməd
AzNews.az