Bələdiyyə başqanının müavini bıçaqlandı

Diyarbəkirin Hanı mahalında Barış və Demokratiya Partiyasından (BDP) seçilən bələdiyyə sədrinin hicablı qadın müavini Nevin Oktay atası tərəfindən bıçaqlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. N. Oktay xalasıgildə olarkən səbəbi bilinməyən ailədaxili mübahisə yaranıb. İddiaya görə, ruhi xəstə olan atası Mehmet Oktay əlinə keçirdiyi bıçaqla qızı Nevin Oktaya hücum edib. Ona 6 bıçaq zərbəsi vuran atası, sonra evdən qaçıb. Hanı Dövlət Xəstəxanasına yerləşdirilən Nevin Oktay ilk tibbi yardımdan sonra Dəclə Universiteti Tibb fakültəsi Xəstəxanasına aparılıb. Nevin Oktay həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb. Şübhəli Mehmet Oktayın tutulması üçün əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, aprelin 11-də Mardinin Kızıltepe Mahalının BDP-dən olan bələdiyyə başçısı İsmail Asi silahlı hücuma məruz qalaraq yaralanmışdı.

Elman
AzNews.az