Ukraynada son vəziyyət: Krımdan Donetskə hücum – VİDEO

Ukraynada vəziyyət gərgin olaraq qalır, ölkənin cənub-şərq vilayətlərində separatçılara qarşı əməliyyatlar davam etdirilir.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, rusiyameyilli separatçıların əsas qərargahı olan Donetsk vilayətinin Slavyansk şəhərində döyüşlər davam etdirilir. Separatçılar mülki vətəndaşlardan sipər kimi istifadə edirlər. Şəhərə daxil olan hökumət qüvvələri ilə Rusiya kəşfiyyatına bağlı olduğu deyilən təxribatçı qruplar arasında lokal toqquşmaların arası kəsilməyib.

Ukrayna Müdafiə Nazirliyinin Slavyanskda aparılan əməliyyatlarla bağlı verdiyi açıqlamada isə bildirilib ki, artıq separatçılar danışıqlara hazır olduqlarını deyiblər. Şəhərdə silahlı diversya qrupları isə geri çəkilirlər.
Ukrayna daxili işlər naziri Arsen Avakov bu gün səhər saatlarında ölkənin şərqindəki vəziyyətlə bağlı özünün "Facebook" səhifəsində açıqlma verib. A. Avakov bildirib ki, antiterror əməliyyatı bu gün sübh saatlarından Donetsk vilayətinin separatçıların nəzarətində olan Kramatorsk şəhərində davam etdirilib: "Gecə saatlarında separatçıların şəhər telestudiyasını ələ keçirmək cəhdi dəf edilib. Əməliyyat fəal şəkildə davam etdiriləcək".

Bu arada Ukrayna mediasında sosial şəbəkələrə istinadən Krımdakı silahlı rus millətçilərinin video-görüntüsü yayılıb. Videoda Ukrayna cənub-şərqindəki rusiyameyilli hərakata dəstək fikirləri səsləndirilib və qeyd olunub ki, Krımda formalaşdırılan 2 tabor adıçəkilən bölgədəki həmfikirlərinə köməyə gəlir.


Aydan Axundova
AzNews.az