Türkiyədə ölənlərin sayı 200-ü keçib- Yenilənib

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

Hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə 20 nəfərin tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi.

"Hurriyet" qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda "təcili yardım" maşını cəlb olunub.

21:14

Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.(13.05- 21.58)

***

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" yayıb.

Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib. Daha əvvə 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.


AzNews.az