- Köhnə - Region
- 18 Oktyabr 2012 11:24
- 2 295
Rəsmi Tehranın bazarlığı alınmayıb
Ərəstun Oruclu: “İranın Kipr məsələsi ilə beynəlxalq sanksiyaları müqayisəsi yanlışdır”
İslam ölkələrinin cəmləşdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Bakıda keçirilən toplantısında İranla Türkiyə dövlət başçılarının planlaşdırılmayan görüşü də baş tutub. Buna səbəb isə İranın Şimali Kiprin sözügedən qurumda təmsilçiliyi ilə razılaşması olub.
Qeyd edək ki, rəsmi İran buna kimi özünün veto hüququndan istifadə edərək, Şimali Kiprin İƏT-də iştirakını əngəlləyirdi. Bəs İranın belə bir addım atmasının arxasında hansı siyasi maraq dayanır?
Bununla bağlı AzNews.az-ın sualını cavablandıran politoloq Ərəstun Oruclu deyib ki, rəsmi Tehran bundan Türkiyə və Azərbaycanla mübadilə kimi istifadəyə cəhd edirdi: "Yəni İran mesaj verirdi ki, mən Kiprin bu qurumda təmsilçiliyinə veto qoymuram. Siz də mənə başqa məsələsində güzəştə getməlisiniz. Burada ilk növbədə İranın üzləşdiyi beynəlxalq sanksiyalar nəzərdə tutulur".
Amma Ə.Oruclu hesab edir ki, beynəlxalq sanksiyalarla bu məsələni eyniləşdirmək, müqayisə etmək qeyri mümkündür.
Onun fikrincə, İrana qarşı sanksiyalar daha çox BMT və digər real güclər tərəfindən tətbiq olunduğundan İranın eyniləşdirmə siyasəti də kökündən yanlışdır: "Azərbaycan və Türkiyə istəsələr belə BMT, ABŞ, Avropa Birliyi dövlətlərinin tətbiq etdiyi sanksiyalara qarşı gedə bilməzlər. Ona görə də görünür bu mübadilə baş tutmadığından və digər hansısa alternativlər təklif olunduğundan İran tərəfi geri çəkilib".
Gültəkin
AzNews.az