Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edir: Bölgədəki son hadisələr müzakirə olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək regional toplantıda iştirak edəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə bölgədəki son hadisələr və təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.

Gözlənilir ki, Fidan çıxışında münaqişələrin danışıqlar və sülh yolu ilə həllinin vacibliyini vurğulayacaq, müharibənin davam etməsinin region ölkələri arasında münasibətlərə ciddi zərər verə biləcəyini qeyd edəcək.

Nazirin həmçinin Türkiyənin Körfəz ölkələrinə qarşı hücumları pislədiyini, region ölkələrinin qarşıdurmaya cəlb olunmaması üçün təmkinli davranmasının vacibliyini diqqətə çatdıracağı bildirilir.

Fidanın çıxışında regional problemlərin həllində bölgə ölkələrinin daha fəal rol oynamasının önəmi, Türkiyənin sabitliyin təmininə yönəlmiş diplomatik təşəbbüslərə dəstək verməyə hazır olduğu da vurğulanacaq.

Bundan əlavə, münaqişələrin genişlənməsinin enerji təhlükəsizliyi, ticarət marşrutları və qlobal iqtisadi sabitlik üçün risklər yaratdığı qeyd olunacaq.

Nazirin həmçinin beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması istiqamətində daha fəal mövqe tutmağa çağıracağı, İsrailin Livana hücumlarının bu ölkədə sabitliyi təhdid etdiyini və Fələstin məsələsinin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayacağı gözlənilir.

Mövsüm,

AzNews.az