Avropa parlamentariləri İrana gedir

Bu gün Avropa parlamentarilərindən ibarət nümayəndə heyəti İrana səfər edib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, səfər noyabrın 2-nə qədər davam edəcək.

5 nəfərlik nümayəndə heyətinə İranla əlaqələr komissiyasının sədri Tarıya Kronberq rəhbərlik edir.

Qeyd edək ki, Avropa mühafizəkarları səfərin əleyhinədirlər. Onlar hesab edirlər ki, bu ölkəyə qarşı sanksiyaların tətbiq edildiyi bir məqamda Avropa nümayəndə heyətinin İrana səfər etməsi düzgün deyil. İran hökuməti səfərdən öz şəxsi məqsədləri üçün istifadə edə bilər. Bununla belə, əksəriyyət İrana nəzərdə tutulan səfəri danışıqlar mühitinin yaranması üçün yeni imkan kimi qiymətləndirirlər. Hesab edilir ki, sanksiyaların ağırlığını hiss edən İran danışıqlarda daha konstruktiv mövqe sərgiləyə bilər.

Nəzərinizə çatdıraq ki, tərəflər əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcək və bəzi hərbi obyektlərə baş çəkəcəklər.


Sadiq Musa
AzNews.az