Rusiyadan Misirə bütün aviareyslər dayandırıldı

Rusiyadan Misirə bütün aviareyslər müvəqqəti olaraq dayandırılıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin hökumətə göstəriş verib.

Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, bu gün Moskvada Misirdə qəzaya uğrayan və 224 nəfərin ölümünə səbəb olan Rusiyaya məxsus "Airbus-321" sərnişin təyyarəsi ilə bağlı Terrorla Mübarizə Milli Komissiyasının iclası keçirilib:

"Toplantıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov Vladimir Putinə Misir Sinay yarımadasında qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsi ilə bağlı təhqiqat başa çatanadək bu ölkəyə uçuşların dayandırılmasını təklif etdi. Prezident də bu təklifi qəbul etdi və hökumətə də lazımi addımları atmaq üçün göstəriş verdi".

Bundan başqa, Rusiya Federal Turizm Agentliyinin Vladimir Putinin əmri ilə Misirdən rus turistlərin təxliyə edilməsi üçün işə başladığı bildirilir.