- Qayıdış
- 5 Dekabr 2018 19:59
- 13 816
Separatizmin arxasında kimlər dayanır? - I Yazı

"Etnik bölücülük siyasəti bu gün daha çox Orta Şərqdə mövcuddur".
2013-cü ildən başlayaraq, Azərbaycan Respublikasına qarşı daxildən və xaricdən milli azlıqların adı altında etnik separatizm siyasəti davamlı şəkildə körüklənməkdədir. İndi bu siyasətin coğrafiyasının genişləndirilməsinə çalışılır.
Dünya Birliyi etnik bölücülüyünü qəbul etmir
1918—ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edən kimi Xalq Cümhuriyyətinə qarşı ermənilər silahndırılaraq uzun vədəli müharibələr aparmaqla ölkənin öz daxili səhədləri çərçivəsində güclənməsinə mane olmağa başladılar. Bu dönəmdə Avropanın böyük dövlətləri, indiki BMT-nin ilk qurumu ilə tanınan Millətlər Şurası Azərbaycan dövlətini tanımamaq kimi strateji hədəflərini sərgiləyirdilər. 1920-ci il 28 aprel işğalına isə göz yumdular.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşanda artıq Ermənistanı ölkəmizə qarşı qışqırdan dövlətlər “Dağlıq Qarabağ” separatizminin yanında yer aldılar. Bu dəfə ənənəvi düşmənçilik siyasətini yürüdən bir çox dövlətlər anladılar ki, Azərbaycan dövləti, nə də xalq bir daha tarixdə onun ərazilərini işğal siyasətinə göz yummayacaqlar. Ona görə də belə bir mövqelərindən əl çəkməli oldular. Dəyişməyən isə din pərdəsi altında aşırı “paniranizm” və “panfarsizm” siyasəti yürüdən İran molla rejimi oldu. BMT başda olmaqla, beynəlxalq təşkilatlar illər ötdükcə Azərbaycanın bir dövlət olaraq varlığını, coğrafi-strateji əhəmiyyətini dərk edərək, etnik bölücülük kimi siyasi düstura arxa çevirməyə başladılar. Çünki Fransa, İspaniya, Almaniya, İtaliya, İsveçrə, Rumıniya, Böyük Britaniya, Portuqaliya, Rusiya, Belçika, Çin və başqa dövlətlər də istənilən an etnik azlıqlar düsturu adı altında bir neçə əraziyə bölünmək kimi problemlərlə üz-üzə qaldıqlarını artıq dərk etməyə başlayıblar. Bu faktoru nəzərə alaraq, qondarma “Dağlıq Qarabağ” rejimini dövlət kimi tanımaq istəmirlər.
İrəvan-Tehran cütlüyünün hədəfləri
Etnik bölücülük siyasəti bu gün daha çox Orta Şərqdə mövcuddur. Bu siyasətin ardında duran, diktatura rejimlərini müdafiə edən və Orta Şərqin “tək lideri” olmaq istəyən rejimlər gözlərini yumaraq “təriqət”, “məzhəb”, “etnik azlıqların hüquqları” və sair epitetlər adı altında bölgəni qan çanağına bürüyən əsas iki dövlət, İran molla rejimi və Səudlar ailəsinin hökmünə tabe etdirilmiş “sələfilər” rejimi mövcuddur.
Xüsusilə İran molla rejimi Qafqazda Ermənistanın və qondarma “Dağlıq Qarabağ” rejiminin, eləcə də Türkiyəyə qarşı “hezbollah” cərəyanlarının separatçılıq əməllərinə dəstək verdiyini gizətmədiyini illərdir nümayiş etdirməkdədir. İran molla rejimi 1990-cı illərdə Ermənistana və qondarma “DQR” rejiminə iqtisadi maraq baxımından yanaşdığını nümayiş etdirirdi. İşğal altında olan Zəngilanın mərmər, qızıl, Kəlbəcərin qızıl, civə, perlit, obsidan, oniks, pefritoid, listvenit, Ağdərə rayonundakı qızıl, qurğuşun, mis, kəc, Şuşanın gil, Laçının civə, pemza, vermukulit, əqiq, jad, Qubadlının gil, Cəbrayılın gil, kəc, pemza, yəşəm, xalsedan, Füzulinin gil, Ağdaçın gil və sair yataqların istismarı sayəsində ötən illər ərzində milyardlarla dollar gəlir əldə ediblər. Bundan əlavə işğal altında olan bölgələrimizin fauna və florası tamamilə tarmar olunub. Beləliklə bəlli olur ki, İran molla rejiminin dəstəyi ilə Tehran, İrəvan və Xankəndi rejimləri bir araya gələrək Azərbaycanın ərazilərinin nəinki işğalında, həm də təbii sərvətlərinin yağmalanmasında birgə iştirak ediblər.
“Dövlət federalizmi” ideyasının gizlinləri
29 min 743 kv. km. ərazisi olan balaca bir Ermənistan inzibati baxımdan Şirak, Lori, Tavuş, Araqatsotn, Kotayk, Armavir, İrəvan, Ararat, Gexarkunik, Vayots-Dzor və Sünik vilayətlərinə bölünür. Guya demokratik dövlət sistemi olaraq, federal qanunlar əsasında idarə olunan ölkə imicini dünyaya tanıtmağa çalışılır. Əslində belə bir addımı atmaqla Ermənistan orta əsrlərin feodal qanunlarına üz tutub. Çünki hər bir vilayətin valisini prezident təyin edir və regionlar valilərin iradəsi ilə idarə olunur.
İran molla rejimi və Ermənistan bir araya gələrək Azərbaycana qarşı “milli azlıqlar projesi” adı altında “federal dövlət” modelini tətbiq etməyə çalışırlar. Çünki işğal altında olan Azərbaycana məxsus bölgələrə “Artsax” və “Qırmızı Kürdüstan” yarlığını irəli sürdüklərini isə heç zaman inkar etməyiblər.
Guya Dağlıq Qarabağ qədim erməni torpaqlarıdır, Azərbaycanın digər işğal altında olan bölgələri “Qızıl Kürdüstan” deməkdir. Bütün bunlarla yanaşı, “Şirvan Tat Respublikası”, “Talışstan”, “Ləzgistan”, “Avarstan” adı ilə digər etnik icmalar da “Artsax”da olduğu kimi, öz müqəddaratını əldə etməlidirlər. Azərbaycanın bir dövlət olaraq unitarlığına qarşı bu doktrina əsasında Ermənistan və İran molla rejimi yeni “cəbhə” açdıqlarını heç də gizlətmirlər. Guya bu iki dövlət müasir dünya demokratizminin yanında yer alaraq, regionların demokratik qayda-qanunlar çərçivəsində yerli özünüidarəetmə sistemini müdafiə edirlər. Bu nədənlə etnik bölücülük siyasətinə dolayı yolla dəstək verdiklərini nümayiş etdirirlər.
Kimsəyə sirr deyil ki, son illər ərzində İranın Gilan vilayətinin Rəşt, Masal, Həştpər, Şəft, Fuman, Lahican, Rudbar, Sara, Rudsər, Astaneye Əşrəfiyyə rayonlarında Azərbaycan Respublikasına qarşı etnik bölücülük adına bir neçə dəfə konfranslar və simpoziumlar keçirilir. “Beynəlxalq tədbir” görüntüsü yaratmaqla İrəvan Dövlət Universiteti, İrəvan Slavyan Universiteti və Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu olaraq “iranşünaslıq” şöbələrinin rəhbərləri bu tədbirlərdə mühazirələr oxumaqla yanaşı, bir sıra proyektlər təklif ediblər. Həmin toplantıların sonucunda Xankəndində Ermənistana məxsus “AM-9677” dalğası ilə “Tolişstoni Sədo” (Talışstanın səsi) translasiya olunmağa başladı. Bu bədnam radio vasitəsilə yayınlanan mövzular İrəvan və Gilan vilayətindəki “etnik bölücülük” mərkəzləri tərəfindən hazırlanır.
Çox təəssüf olsun ki, Azərbaycan Respublikasında adlarını müxalifət qoymuş siyasi partiyalar tərəfindən hazırlanan “siyasi məhbuslar” siyahısında ən çox adları hallananlar İran molla rejimi və Ermənistan tərəfindən körüklənən “etnik separatçılar”dan ibarətdir. (ardı var)
Həmid Məmmədli
AzNews.az