- Qayıdış
- 30 İyul 15:21
- 5 987
Laçında 90-a yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib
Laçın rayonunda artıq 90-a yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Bunu açıqlamasında Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin Media və İnformasiya Təminatı şöbəsinin müdiri Əsmər Nəcməddinqızı deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərə köçən sakinlərin məşğulluğunun təmin olunması prioritet istiqamətlərdən olaraq saxlanılır:
"Bu çərçivədə Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə bir sıra aktiv məşğulluq tədbirləri icra olunur. Bunlar vətəndaşların aktiv işlə təmin olunması, özünüməşğulluq proqramının icrası, peşə hazırlığı kurslarının təşkili, əmək yarmarkaları və digər istiqamətlərdir".
Ə.Nəcməddinqızı Laçın rayonuna qayıdan sakinlərin özünüməşğulluq fəaliyyəti barədə görülən işlərə də toxunub:
"Laçın rayonunda özünüməşğulluq proqramı çərçivəsində həm aqrar təsərrüfatlar, həm də istehsal xidmət istiqaməti üzrə müəssisələr qurulub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən sakinlərin sayı artıq 90-a yaxındır. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 11 min 200-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan təqribən 8300-ü münasib işlərlə təmin olunub, 900-dən çox şəxs özünüməşğulluq proqramına, 500-dən çox şəxs isə peşə hazırlığı kurslarına cəlb olunub. Böyük Qayıdış proqramı çərçivəsində Laçına və azad edilmiş digər ərazilərə köçürülən şəxslərin məşğulluq tədbirlərinə cəlb olunmaları davam etdiriləcək".