Yaponiya və Rusiya xarici işlər nazirlərinin əldə etdikləri razılaşmaya əsasən, iki ölkə liderlərinin sammiti gələn həftə Moskvada keçiriləcək. Yaponiya və Rusiya xarici işlər nazirlərinin əldə etdikləri razılaşmaya əsasən, iki ölkə liderlərinin sammiti gələn həftə Moskvada keçiriləcək.

Rusiya və Yaponiya liderlərinin sammiti gələn həftə keçiriləcək

Yaponiya və Rusiya xarici işlər nazirlərinin əldə etdikləri razılaşmaya əsasən, iki ölkə liderlərinin sammiti gələn həftə Moskvada keçiriləcək.

NHK telekanalı xəbər verir ki, Taro Kononun və Sergey Lavrovun Rusiya paytaxtında yanvarın 14-də keçirilən görüşü təqribən dörd saat çəkib. Danışıqların əsas mövzusu Rusiyanın nəzarətindəki dörd adanın taleyinin həll edilməsini də nəzərdə tutan sülh müqaviləsinin imzalanması olub.

Danışıqlardan sonra jurnalistlər üçün brifinqdə çıxış edən T.Kono bildirib ki, o və S.Lavrov liderlərin bu məsələni tam həll etmək niyyətlərini əsas götürərək, ciddi müzakirələr aparıblar. T.Kono deyib ki, söhbət zamanı Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin yanvarın 22-də yüksək səviyyəli görüşü barədə razılıq əldə edilib. O və S.Lavrov gələn ay Münxendə keçiriləcək beynəlxalq konfrans çərçivəsində görüşərək iki ölkənin Xarici İşlər nazirliklərinin yüksək səviyyəli nümayəndələrinin apardıqları danışıqları gözdən keçirəcəklər. T.Kono bildirib ki, S.Lavrov ilə aparılan danışıqların təfərrüatını tam açıqlaya bilməsə də, demək olar, ərazi məsələsi ilə bağlı Tokionun mövqeyini aydın şəkildə ona çatdırıb.

Həmin məsələ ilə əlaqədar iki ölkə arasında fikir ayrılıqlarının hələ də qaldığını etiraf edən T.Kono Tokionun Moskva ilə danışıqlarda ümumi dil tapmağa çalışdığını bildirib.

S.Lavrov isə vurğulayıb ki, Yaponiyanın İkinci Dünya müharibəsinin yekunlarını və Rusiyanın adalar üzərində suveren hüquqlarını qəbul etməsi sülh müqaviləsi ilə bağlı danışıqlarda birinci addım ola bilər. Müharibənin 1945-ci il sentyabrın 2-də başa çatdığını xatırladan rusiyalı nazir həmin vaxt Yaponiyanın təslim olması barədə sənədi imzaladığını qeyd edib. O, həmçinin bildirib ki, müharibənin nəticələri bir sıra sənədlərdə, o cümlədən San-Fransisko sülh müqaviləsində və BMT Nizamnaməsində ciddi şəkildə əksini tapıb. S.Lavrov bəyan edib ki, Moskva Yaponiya ilə adaların suverenliyi məsələsini müzakirə etməyi planlaşdırmır. Həmin adalar Rusiyaya məxsusdur və onların Yaponiya qanunvericiliyinə uyğun olaraq, şimal əraziləri adlandırılmasını qəbul etmir.

Nazir qeyd edib ki, Rusiya dəfələrlə bununla bağlı mövqeyini Yaponiyaya çatdırıb və həmin tərəf buna heç bir etiraz bildirməyib.

Jurnalistlərin S.Lavrovun bu fikirlərini şərh etməsi məqsədilə T.Konoya ünvanladığı suala yaponiyalı nazir cavab verməyib. T.Kono qeyd edib ki, Tokionun demək istədiklərini o, tamamilə S.Lavrova çatdırıb.

Rusiya Prezidenti Administrasiyası da Ş.Abe ilə V.Putin arasında sammitin planını təsdiq edib. Administrasiyadan bildirilib ki, hər iki lider onların əvvəlki danışıqlarında, o cümlədən Sinqapur və Buenos-Ayresdə keçirilən görüşlərində əldə olunan razılaşmalara uyğun şəkildə sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri davam etdirəcəklər.

Bir daha xatırladaq ki, iki ölkə arasında mübahisə obyekti olan dörd ada Rusiyanın nəzarəti altındadır. Yaponiya bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir və İkinci Dünya müharibəsi nəticəsində qeyri-qanuni işğal edilib.(AZƏRTAC)

© AzNews.az