Aygün Kazımova ilə “Yeni Müsavat” qəzeti arasındakı davaya Müsavat Partiyası da qoşulub. Aygün Kazımova ilə “Yeni Müsavat” qəzeti arasındakı davaya Müsavat Partiyası da qoşulub.

“Rəzulzadənin yaratdığı Müsavatla Aygünün problemi yoxdur” - Sərt reaksiya

Aygün Kazımova ilə “Yeni Müsavat” qəzeti arasındakı davaya Müsavat Partiyası da qoşulub.


Belə ki, partiya üzvləri bəstəkar Cavanşir Quliyevin "Müsavat öz saytları adına üzr istəməlidir" sözlərinə sərt reaksiya veriblər. Onlar "Yeni Müsavat" qəzetinin Müsavat Partiyasına heç bir bağlılığının olmadığını deyiblər.

Müsavat partiyasının Divan üzvü Razim Əmiraslanlı AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən qurumun Xalq artisti A.Kazımova ilə heç bir problemi yoxdur: "Mənim Cavanşir Quliyevə çox böyük hörmətim var. Gərçəkdən onu bir ziyalı, ləyaqətli insan kimi çox sevirik. Amma Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyası ilə Aygün xanımın problemi yoxdur. "Yeni Müsavat"ın Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur, ora müstəqil bir mətbu orqandır".

Digər Divan üzvü Vəfa Cümşüdlü isə bildirib ki, cəmiyyətdə Cavanşir Quliyev kimi düşünənlər çoxdur: "Bir partiya təmsilçisi kimi bəyan edirəm ki, "Yeni Müsavat" qəzetinin Müsavat partiyasına aidiyyəti yoxdur. Görünür, Cavanşir müəllim uzun müddət ölkədən kənarda yaşadığı üçün son illər baş verən proseslərdən xəbərdar deyil. Yoxsa Müsavat partiyasının lideri İsa Qəmbərin uzun illərdir ki, qəzetin təsisçisi olmadığını, bundan əlavə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu partiyanın üzvü olmamasından xəbərdar olardı".

Xatırladaq ki, bu günlərdə mətbuatda Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri barədə yazı dərc olunub. Yazıda erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar. "Yeni Müsavat" qəzeti bununla bağlı geniş yazı dərc edib və Aygün Kazımovanı erməni agentliklərinə işləməkdə ittiham edib.

Aygün Kazımova isə qəzeti və yazının müəllifini məhkəməyə verib.

Bəstəkar Cavanşir Quliyev Ermənistanın xüsusi orqanları ilə iş birliyində ittiham olunan Xalq artisti Aygün Kazımovanı müdafiə xarakterli çıxışında Müsavat Partiyasının üzr istəməli olduğunu bildirib: "Ayıb olsun! M.Ə. Rəsulzadə Müsavatı bunun üçün yaratdı? Biz könlümüzü, ömrümüzü, həyatımızı bunun üçün Müsavata verdik? Çox üzüldüm! İnsanı sübutsuz-dəlilsiz ittiham etmək olmaz. Buna böhtan deyilir. Böhtan da cəzalandırılmalıdır. Ən acısı isə odur ki, bunu, dəfələrlə böhtanın qurbanı olmuş Müsavat edir. Çünki Aygün o cür insan deyil. Mən onu çox yaxşı tanıyıram. Məncə onlar Aygün Kazımovadan öz saytlarının yerinə üzr istəməlidir. Bəlkə Aygün bağışlayar".

Bahar RÜSTƏMLİ