Emre Aydının Bakı konserti aparıcıları bir-birinə qatdı – QALMAQAL

AzNews.az-ın məlumatına görə, bu günlərdə türk müğənnisi Emre Aydının "Buta Palace"da keçirilən konserti aparıcılar arasında yaşanan gərginliklə yadda qalıb. Belə ki, əvvəlcədən bütün afişalarda, reklam çarxlarında konserti teleaparıcı Murad Əzimzadənin təqdimatında keçiriləcəyi qeyd olunsa da, adıçəkilən şəxs konsertə gəlməyib. Əvvəl buna səbəb bəzi saytlarda M.Əzimzadənin təşkilatçılarla maddi problemin olması göstərilib. Bu gün isə aparıcı SİA-ya verdiyi müsahibədə başqa səbəblər göstərib:

"Bunun bir çox səbəbləri var. Ən başlıcası isə o idi ki, Emre qaldığı oteldə mənim verilişim üçün 20 dəqiqə ayıra bilmədi? O, verilişimə çəkilməkdən imtina etdi, mən də onu tamaşaçılara təqdim etməkdən".

Onu da qeyd edək ki, Emre Aydının konsertini son anda iki tanınmış aparıcı Arzu Əsgərova ilə Ramin İbrahimov idarə edib.

Arzu Əsgərov məsələylə bağlı AzNews.az-a açıqlama verib. O, konsertin aparıcıları arasında Nanə Ağamalıyeva ilə Günay Firuddinqızının da adının olduğunu qeyd edib:

"Təşkilatçılar tərəfindən konsertin aparıcılığı ilk dəfə bu ilin avqust ayında Ramin İbrahimova təklif olunub. Daha sonra təşkilatçılardan səs-soraq çıxmadığı üçün çarəsiz qalıb. Amma nəticədə konsertin aparıcısı Ramin özü oldu. Və o da məlum olub ki, konsertin aparıcısı olmaq üçün bir neçə tanınmış simalara da müraciət olunub. Bunlar Nanə Ağamalıyeva və Günay Firuddinqızıdır.

Mən başa düşə bilmirəm ki, bu məsələnin niyə bu qədər şişirdirlər? Bu günə qədər bir çox tədbirlər keçirilib və sonda da nəticəsi hamıya maraqlı olub. Həmkarımdır, hörmətlə yanaşıram. Bu çəkişmələrdən yenicə xəbərim olub. Sadəcə olaraq, konsert müğənninin ifasıyla deyil, bir aparıcının qalmaqalıyla yadda qalıb".

Fuad Mədətov
AzNews.az