İlhamə Quliyevanın mirası üstündə dava bitməyib - Vəkildən açıqlama

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vəkili Habil Vəliyev varisliyin tanınması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarına münasibət bildirib.


H.Vəliyev AzNews.az -a açıqlamasında bildirib ki, O.Nadirovun övladlığının rəsmən tanınması üçün Səbail Rayon Məhkəməsinə müraciət olunub: "Kim nə bölübsə, kimə nə veriblərsə onun bizə aidiyyəti yoxdur. Biz Səbail Rayon Məhkəməsinə Orxan Nadirovun övladlığının tanınması üçün müraciət etmişik. Əgər bu, məhkəmə prosesində həllini tapsa, Orxan Nadirov birinci dərəcəli varislik hüququ qazanacaq. Hələlik məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb".

H.Əliyev varisin kim olması ilə bağlı qərar vermək üçün çox tez olduğunu da qeyd edib: "Çünki bundan əlavə neçə belə məhkəmə prosesi var. Bu, bir məhkəmə ilə yekunlaşan iş deyil. Narazı adamlar çoxdur. Məhkəmələrdə narazı qalan insanlar daha yuxarı məhkəmələrə müraciət edəcək".

Qeyd edək ki, İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov mətbuata açıqlama verərək bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. İ.Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az