İsrail ordusu: "Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü

"Hizbullah" lideri Naim Qasımın müavini öldürülüb.

Aznews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumatda deyilir ki, IDF Naim Qasımın şəxsi katibi və qohumu Əli Yusif Harşini Beyrutda məhv edib.

Məlumata görə, Harşi “Hizbullah” liderinin yaxın silahdaşı və şəxsi müşaviri olub, həmçinin onun ofisinin idarə olunması və təhlükəsizliyində mühüm rol oynayıb.

IDF-in açıqlamasına əsasən, gecə saatlarında Livanda Litani çayının şimalından cənubuna keçid üçün istifadə olunan iki əsas məntəqə də vurulub. Bu marşrutlardan “Hizbullah” üzvləri və komandirləri minlərlə silah, raket və buraxılış qurğularını daşımaq üçün istifadə ediblər. Bundan əlavə, Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə edilən təxminən 10 silah anbarı, buraxılış qurğuları və komanda mərkəzi də zərbələrə məruz qalıb.