“Məni kim qalmaqala sürükləyə bilər? Mən sizin üçün balaca uşaq-zadam…” “Məni kim qalmaqala sürükləyə bilər? Mən sizin üçün balaca uşaq-zadam…”

Əməkdaşımız İlhamə Quliyevanı özündən çıxartdı - MÜSAHİBƏ

“Məni kim qalmaqala sürükləyə bilər? Mən sizin üçün balaca uşaq-zadam…”




Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın AzNews.az-a müsahibəsi

- Əməkdar artist Abbas Bağırovun klipinin və albomunun təqdimatında çıxış edərkən "Lider" televiziyasında yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlunu hədələdiniz və ondan tədbiri tərk etməsini tələb etdiniz. Buna səbəb nə idi?

- Zaur mənim övladım yaşındadır. Mən ona ərkyana, zarafatla söz demişəm. Tədbirdən sonra kollektiv olaraq biz görüşdük. Restoranların birində şam yeməyi yedik. İşçilərim Zaura zəng edəndə, telefona cavab verməmişdi. Mən də ərkyana ona elə dedim.

- Şou-biznesdə çox qalmaqallar olur. Yeri gəlmişkən, sizin özünüzü də qalmaqala sürükləyirlər...

- Mən heç kimlə qalmaqal etmirəm. Mən uşaq deyiləm. Mənim statusum imkan vermir ki, kimsə məni qalmaqala sürükləyə bilsin və ya mən qalmaqal edim. Xahiş edirəm, mənə belə suallar verməyin. Məni kim qalmaqala sürükləyə bilər? Mən sizin üçün balaca uşaq, zadam... Mən yarıməsrlik səhnə fəaliyyəti yaşamışam. Nə danışırsınız? Bu, yaxşı ifadədir ki, mənə deyirsiniz ki, sizi sürükləyirlər?

- Elə müğənnilər var ki, hansısa qalmaqalla bağlı aşkar şəkildə sizin adınızı çəkirlər...

- Adımı çəkirlər... bizim qəşəng hüquq-mühafizə orqanlarımız var. Məsuliyyətə cəlb olunarlar, onda da bilərlər ki, sülh səfirinin...(fikrini tamamlamır). De görüm, konkret kim mənim adımı çəkib?

- Nazpəri Dostəliyeva...

- Həyatda Nazpəri var? Soruşuram səndən var?!

- Əlbəttə ki, var. Xalq artistidir.

- Onun kimi xalq artistləri... (yenə cümləsini tamamlamır). Onsuz da bu saat kimə daş atırsan xalq artistinə dəyir.

- Siz dəfələrlə demisiniz ki, əlimdə imkan olsa, müğənni Abbas Bağırovu "xalq artisti" fəxri adına layiq görərəm. Fəxri adı hər hansı şəxs verə bilərmi?

- Abbas elə xalq sənətkarıdır. Bizim cənab prezidentimiz necə lazım bilib, elə də ona fəxri adı verib. "Əməkdar artist" fəxri adını almamış, "Xalq artisti" fəxri adı birbaşa verilmir. Ona görə də güman edirəm və inanıram ki, çox yaxın zamanlarda bizim cənab prezidentimiz onu rəsmi olaraq "xalq artisti" fəxri adıyla təltif edəcək. Abbas mənim gözümdə xalq artisti deyil, xalq sənətkarıdır. Xalqın sənətkarıdır. Bu, mənim fikrimdir. Demədim ki, mən ona xalq artisti adını verirəm. Bizim cənab prezidentimiz, dövlətimiz var. Ümumiyyətlə, yaxşı sənətkarlara mən xalqın sənətkarı deyirəm.

- Yəqin ki, yazıçı Əkrəm Əylisli məsələsindən agahsınız...

- Agaham. Görünür ki, bu insan şüurunu itirib. Ancaq şüursuz şəxs belə bir bağışlanılmaz addımı ata bilər. Şüursuz və yazıq bir şəxsdir. Allah onun şüursuzluğunu üstündən götürsün. Allah ona şəfa versin! Cənab prezidentimiz sərəncam imzalayıb. Dövlət başçımız nəyi düzgün bilirsə, nəyi edirsə, nə addım atırsa, biz hər zaman onu dəstəkləyirik.

Fuad Mədətov
AzNews.az