“Arxamda nə kişi var, nə bir adam” - Xalq artisti

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovanın APA-ya müsahibə verib.

AzNews.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Məleykə xanım, əvvəlcə soruşmaq istəyirəm ki, əhvalınız necədir? Və güman edirəm, son hadisələr üzündən neqativ yüklü yox, yeni premyeranıza görə pozitiv cavab eşidəcəyəm...

- Mən də çalışacağam ki, özümü müsbət ovqata kökləyim.

- Deməli, “qəzəb buzu”nu payız günəşi əridib. Lap poetik sual oldu...

- (Gülür). Əhvalım yaxşıdır. Hətta lap əladır. Bizim sevincli günlərimiz saylarla olur. O günlər də premyeralara düşür. “Cəhənnəm sakinləri” tamaşasının premyerasını keçirmişik, çox gözəl, çox səviyyəli və uğurlu tamaşa alınıb. Tamaşaçı alqışı, tamaşaçı sevgisi mənim üçün əsas şərtdir. Siz özünüz də görürdünüz ki, alqış səsi bitmək bilmirdi. İnsanlar zalı tərk edib teatrdan ayrılmaq istəmirdilər. Mənim üçün bundan böyük hansı hədiyyə ola bilər? İnanın, o alqışların səsi hələ də qulaqlarımdan çəkilməyib. Ona görə dedi-qodular, böhtanlar məni incitsə də, sındırmır. Çünki insanlar məni sevirlər.

- Mən teatrda insanların sizə sevgisinin şahidi olmuşam. Məhz sizə görə bilet alanlar var. Amma gəlin, başqa bir şeyi soruşum: niyə bu sevgi ilə bərabər sizə qıcıq olanlar da var?

- Sadəcə, qısqanclıqdan. Var olan insan haqqında danışarlar. Mən illər uzunu şahidi olmuşam ki, premyera ərəfəsində, yaxud böyük uğur qazandığım məqamlarda haradansa zərbə almışam.

- Adamların sizinlə nə düşmənçiliyi var?

- Çox istedadlıyam, gözələm. Və bilirlər ki, duyğusal insanam, ona görə də hər şey ruhuma təsir edir. Mənim sevincimi bölüşmək istəmirlər. Ona görə də onlara şeytan qəlbli, şeytan ruhlu insanlar deyirəm. Belə edirlər ki, ruhdan düşüm. Hamı bilir ki, mən insanların xoş gününə sevinən insanam. Akademik Milli Dram Teatrının kollektivi də, rəhbərliyi də bilir: mənim onlara sonsuz sevgim var. Bir-iki nəfəri çıxsaq, hansı ki, onlar kollektiv demək deyil, bütün truppamız da məni çox istəyir. Niyə istəməsinlər? Eşidirəm, kimsə ev alıb, kimsə toy edib, işə düzəlib, xoşbəxt oluram.

Bu məndən asılı deyil, ürək öz işini görür. Bu cür xoş düşünməyimin bəhrəsidir ki, Allah mənə sağlam can, övlad, istedad verib. Ürəyimin nurudur ki, bu işıq üzümə çıxıb. Allah etməsin ki, insanın içindəki üfunət üzünə vursun. Təbii ki, mənə paxıllıq edənlər çoxdur. Amma mən heç kəsə icazə vermərəm, ailəmə əl uzatsınlar. Ailəm üçün sevdiyim sənətimdən də keçərəm. Milyardlar, milyonlar ola, baxmaram. Qızımı, anamın və atamın ruhunu Allah qədər ucada tuturam. Kənardan çox böyük görünə bilər. Amma mənim balaca, saf dünyam var. İstəmirəm, o təmiz dünyam çirkaba bulaşsın.

Mən qalmaqalla yadda qalanlara cılız insan kimi baxıram. Kim yaddan çıxır, adımı çəkir ki, yada düşsün. Susduqca, üstümə gəlirlər. Başa düşmürlər, öz səviyyəmi qoruyub-saxlayıram. Bu sənətə dedi-odu ilə yox, öz obrazlarımla gəlmişəm. Ona görə də 28 ildir eyni şöhrəti saxlayıram. Vallah, qalmaqallara qoşulmağa vaxtım yoxdur. Öz dünyamda böyük sənətim var, çox böyük məsuliyyətlə övladımı böyüdürəm. Qalmaqala qoşulub, cılızlıq etməmişəm. Qoy mən sakit həyatımı yaşayım. Teatra gəlirəm, hər gün ora bura-qaçıram. Bütün işlərimi özüm görürəm.

Arxamda nə kişi var, nə bir adam. Məni qoruyan bir Allahdır, bir də öz gücüm. Vaxtım olanda, kitab oxuyuram, şeir əzbərləyirəm. Qalmaqal edən adamlar sənəti olmayan boş adamlardır. Bekarçılıqdan ona-buna söz atırlar ki, yada düşsünlər.

- Bir neçə gün əvvəl Nurəddin Mehdixanlı ilə sizin haqqınızda danışırdıq. Nurəddin müəllim dedi ki, adamlar Məleykənin indiyə qədər kimlərin əlindən tutduğunu, kimlərə köməklik etdiyini bilmirlər. O mənada ki, xeyirxahlıq edər, dilinə gətirməz. Bəlkə...

- Məni bağışlayın, sözünüzü kəsirəm. Bu haqda bir kəlmə də danışmayacağam.

- Hətta deyilənə görə...

- Və istəmirəm də, kimsə bu haqda danışsın. Qətiyyən! Xeyriyyə tədbirlərinə gedəndə də şərt qoyuram: çəkiliş olacaqsa, getmirəm. Adam etdiyini deməz. Adam kiminsə əlindən tutanda özünü reklam etməz. Belə şeylər Allahla insan arasında təmənnasız olmalıdır. Olarmı, daha maraqlı şeylərdən danışaq?

- Niyə olmur, əlbəttə, olar...

- Məsələn, danışaq ki, insanlar rayonlardan dəfələrlə gəlib mənim tamaşalarıma baxırlar. Deməli, məni sevənlər daha çoxdur. “Mənim günahım”, “Qadın məhəbbəti” və başqa tamaşalarıma bir neçə dəfə gəlib baxıblar. “Misir gecələri”ndə illər əvvəl oynamışam, amma insanlar hələ də o tamaşanı soruşurlar. Mən hər xarakterdə obraz oynayıram. Kleopatranı, Şirini, Züleyxanı oynamışam. Eyni zamanda Musiqili Teatrda Qoqolun “Evlənmə” komediyasında Aqafia Tixonovna rolunda çıxış etmişəm. Əliqismət Lalayev məni bu tamaşaya dəvət edəndə tərəddüd etdim.