Elza Seyidcahan jurnalistlərə qarşı aksiya keçirəcək

"Ailəm barədə yalan xəbərləri yazanların axırına çıxacam. Onları Allah məhkəməsinə verəcəm".

Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərin mərc oyunlarında külli miqdarda pul uduzması xəbərinə aydınlıq gətirərkən deyib. "Belə bir şey yazıblar ki, mənim oğlum qumarda külli miqdarda pul uduzub. Xəbər elə kökündən yalandır. Bu, mənə qarşı böyük böhtandır.

Belə xəbərlər yazan jurnalistlərə qarşı aksiya keçirəcəm. Bütün məşhurları da o aksiyaya dəvət edəcəm. "Yalana, böhtana, şərə "yox" deyək!" şüarı altında gerçəkləşdirəcəyim aksiyada şərlə, böhtanla qarşılaşan tanınmışlar iştirak edəcək".

Müğənni barəsində yazılan əsassız xəbərlərdən bezdiyini də deyib: "Adama deyərlər xəbəri nəyə əsasən yazmısan? Oğlumu harada görmüsən ki, qumarda uduzub? Sübutun var? Sübutun yoxsa, niyə mənim oğluma şər atırsan? Qorxmurlar ki, o şərlərə özləri düşərlər?".

AzNews.az