- Köhnə - Şou-biznes
- 22 Oktyabr 2013 09:22
- 5 773
Xumar Qədimova: “Lazım gəlsə, ona yalvararam” - Müsahibə
Müğənni Xumar Qədimovanın AzNews.az-a müsahibəsi:
- Xumar xanım, bu gün gündəmdəsiniz. Hansı kanalı açsaq oradasınız. Sevindirici bir haldır ki, sənətinizdəki, yeniliklərlə gündəmdəsiniz, dedi-qodularınızla yox. Demək gündəmə dedi-qodusuzda gəlmək olur?
- Sualınız çox ürəyimcə oldu. Bəli mən bu gün sənətimlə gündəmdəyəm. Gündəmə ara söz-söhbətləri ilə gəlməyin qəti əlehinəyəm. Bizim bəzi jurnalistlərimizdə günah çoxdur. İnsandan bir suala cavab alıb, başqa cür don geyindirirlər. Gündəmə qalmaqalla gəliməyə ehtiyacım yoxdur. Mən necə gözəl əsərlər ifa edirəm və edəcəyəm də. Elə əsərlər gəlir ki, onlar imkan verməz mən qalmaqal edim. Ümumiyyətlə, mən ziyalı ailənin övladıyam, mənə ara sözlərinə cavab vermək yaraşmaz. Nə qədər sənətdəyəm, öldüyüm günə kimi qalmaqaldan uzaq olacağam. Çünki, sənətim ona imkan verməyəcək. Qalmaqalla yada qalacağamsa, heç ondan zövq almaram. Mənim rəhmətlik atam deyərdi ki, müğənni oxuyanda demədilərsə "köpək qızı gör necə oxuyur", ondan müğənni olmaz. Hətta bu yaxınlarda bir rəfiqəm gəlib mənə dedi ki, Xumar sən efirdə oxuyanda bir qonşumuz baxıb deyir: "İt qızı oxuyur da, gör nə gözəl oxuyur". Bax mən onda sevinirəm ki, məni həqiqətən sevirlər.
- Xumar xanım bir müsahibənizdə demisiniz ki, solo konsert verənləri anlamıram... Niyə?
- Mən heç elə söz deyərəm? Bu nə sözdür axı? Ayıb deyilmi? Demişəmsə gətirsin səs yazısını, sübut eləsin. Ümumiyyətlə, o nə qədər savadsız və ucuz ifadədir. Mənə sual verdilər ki, nə vaxt solo konsert verəcəksiniz? Nəğmə oxuya-oxuya əlimi belə uzatdımki, bu solo konsert deyilmi? Hər gün yeni nəğmələrlə hüzurunuzdayam. Hətta söylədim ki, mən nəğmələrimi obrazla çatdırıram. Hər nəğməm bir obrazdır. Yaxınlarda "Sevgi harayı" oxudum. İndi yeni bir ifam olacaq. Sona Vəliyevanın sözlərinə yazılan "Əl-ələ tutub, gedək" mahnısı. Möhtəşəm, böyük proyekt üzərində çalışırıq. Heç deməmişəm, ancaq belə deyə bilərəm ki, mən solo konsert versəm, bir gün verərəm. Bu şeydə bir az eqoistəm. Ola bilər ki, səsi olmayan müğənni haqqında demişəm, istəyir səsi olmayan on gün konsert versin, ən möhtəşəm saraylarda fanaqram oxusun, önəmi yoxdur, mənası yoxdur. Yoxsa "konsert verənləri anlamıram, mənə çatmır" ifadəsini heç vaxt işlətmərəm. Mən əsla belə söz demərəm. Konsert verəndə məqsədin olmalıdır. Əgər tamaşaçı o konsertdən çıxıb bir neçə gün gecənin təsiri altında qalıb həzz almırsa, niyə verirsən o konserti? Mən ilk solo konsertimi Türkiyədə vermişəm, mükafatımı da orada almışam. İndi o qədər gözəl nəğmələrim yaranıb ki, heç konsertə ehtiyac duymuram, ağlıma da gəlmir. Xahiş edirəm Xumarla Xumarın dilində danışın, öz dilinizdə yox. Vallah mən bəzi insanlara jurnalist adını qısqanıram.
- Bir də tez-tez işlədirsiz ki, özünüzdən başqa heç kimə qulaq asmırsız...
- Niyə, Zəki Mürəni, Qara Böcəyi və başqalarını dinləyirəm. Mən zövqlü musiqiyə qulaq asıram. Mənim öz zövqüm var. Fars musiqilərini dinləyib zövq alıram. Mən zövqümün seçimini edirəm.
- İndi əl çatmaz müğənni qalmayıb deyirlər. İstədiyin sənətçini şou proqramlarda və toyda görmək olur. Sizcə belə olmalıdır?
- Mən o müğənnilərdən deyiləm. Toya gedirəmsə də seçim edib, səviyyəmi qoruyan toya gedirəm. Pula görə toya getmirəm. Baxır kimin üçün kim hansı zirvədədir.
- Dediniz ki, toya gedirsiniz. Toyda hər mahnını oxuyursunuz?
-Yox mənim öz repertuarım var. Mənim getdiyim toylar konsert səviyyəsində olur. Toyda öz repertuarımdan və gözəl xalq mahnılarından, eləcə də Niyaməddin Musayevdən oxuyuram. Fikrinizdə tutuğunuz mahnıların sözlərini də bilmirəm, bir gedib toyda da oxuyum. Mən o mahnıların sözlərinə dilimi qısqanaram. Heyfim gələr dilimə ki, o mahnının sözlərini dilimə alım. Mənim o qədər gözəl nəğmələrim var ki, insanlar onu ifamda eşitməkdən xüsusi zövq alırlar. Elə mahnılar var ki, mən onu qətiyyən oxumaram. Mən toylarda da sənət göstərirəm. Ye-iç oyna, yox.
- Deyirlər ki, ərindən küsən, evdən qaçan gəlir müğənni olur. Niyə belədir?
- Tək müğənnilik deyil ki, bütün sənətlərdə var belə adamlar. Tək müğənniləri qaralamaq olmaz.
- Sizə nazlı-qəmzəli Xumar deyirlər. Efirdə beləsiniz, yoxsa ümumiyyətlə nazlı xanımsınız?
- Mən bir sifətli insanam. Adımla bağlıdır yəqin nazım, qəmzəm. Məndə nə varsa, ürəkdən gəlir. Oynamağım yoxdur. İstəsəm də oynaya bilmərəm.
- Liderlik etmək arzusundasınız?
- Belə görünürəm. Çoxları mənə belə deyir. Çalışıram danışıb güləndə ağzımdan gülab axsın, tökülsün. Hər şey gözəl olur öz yerini biləndə. Mən həmişə öz səviyyəmi qorumaqla belə imic yaratmışam. Əmr də edə bilərəm, xahiş də edə bilərəm, lazım gəlsə yalvararam da. O da səviyyəli olmalıdır. Hər şey xasiyyətimdən doğan bir haldır. Əsas odur ki, mənə mənfilik gətirəsi bir hadisə olmasın.
- Həyatınızda bir ömür iz qoyub gedən biri var?
- Hətta bir saat bundan əvvəlki zaman da ömrümüzdə öz izini qoyur. Əlbəttə belə insanlar çox olmasa da var. Mənim üçün keçmiş daim yaşayır. İstəsəm də, keçmişimdən ayrıla bilmirəm.
- Təbiətən narahat insansınız. Nədir və kimdir sizi narahat edən?
- Xasiyyətim, xarakterim. Hətta anama bir gündə o qədər zəng edib, necəsiniz soruşuram ki, anam hirslənib deyir: "Xumar bu neçənci necəsinizdir?" Onda da xətrimə dəyir, küsürəm. Nə edim mən də belə insanam. Bəzən təbiətim, özüm də bilmədən başqalarını narahat edir. O mənim diqqətimdən, sevgimdən doğur. Vicdanlıyam çox. Etiraflarım səmimidir. Bəzən sevdiklərimi qayğımla yoruram.
- Bəs sizə niyə eqoist deyirlər?
- Mənim eqoistliyim öz xeyrinə başqasını ayaq altına almaq deyil, özümü mənfiliklərdən qorumaq üçündür. Mən insanları çox düşünürəm. Biraz da kövrəyəm. İnsanları qorumağı sevirəm. Xüsusi ilə sevdiklərimi paylaşa bilmirəm.
- "Həyatımda çox kişi olmayıb, olan da kasıb ola bilməz" demisiniz. Kasıbı sevə bilməzsinizmi?
- Ola bilər, amma çox sürən sevgi ola bilməz. Əgər mən ev qadını olsaydım, bəlkə də ola bilərdi. Ancaq mən populyar biriyəm, baxımlıyam. Bunun üçün də maddiyyat vacib şərtdir. Mənim hər addımım puldur. Əgər mənə qulluq edə bilməzsə, o kişi ilə alınmaz. Özümə layiq olmalıdır.
- Deyirsiniz ki, insan bir neçə dəfə sevə bilər?
- Bəli fikrimdə qətiyəm. Özü də dəli kimi sevə bilər. Mən ondan saxtakarlıq, oyun görsəm silərəm. Mən reallıqdan danışıram. Əgər sevdiyim varsa, yanımda olmasa da, onu dəli kimi sevə bilərəm. Məni sevən varlığı ilə məni düşünməlidir. Ancaq Xumar deməlidir.
- Sizi dediyiniz kimi sevən biri var?
- Vallah gözə gələcəm. Mən ümumiyyətlə, sevilən xanımam. Hələ ki, sevənim çoxdur. Maşallah, maşallah.
- Payız gəlir, qarderobunuza əlavələr etmisiniz?
- Mən burda da seçilirəm. Mənim elə geyimlərim var ki, hələ etiketini çıxartmamışam. Birdə ki, "mən bir geyindiyimi bir də geyinmirəm" ifadəsini sevmirəm. Əgər sevib, bəyənib almışamsa dəfələrlə geyinirəm, atmıram. Mən təsadüfən dəblə geyinirəm. Əslində, dəb dalınca qaçmıram. Mənim üçün tərz vacibdir. Mən ucuz da, bahalı da geyinərəm. Bir söz deyim ucuz da geyinsəm, çox bahalı görünür. Mən şarmlı xanımam. Mən saçımı soldan sağa darayım o saat diqqətlər mənə yönəlir. Mən cazibədaram.
- Çox qısa geyinməyinizə səbəb nədir?
- Həqiqətən elə çox qısa geyinirəm? Yəqin gözəl görünürəm deyə üstünlük verirəm.
- Yaman arıqlamısız. Deyirlər xanımlar aşıq olanda arıqlayır...
- (Gülür) Bir söz deyim nə aşiqəm, nədəki deyiləm. Halımdan xəbərsizəm. Bir az hallıyam. Gün ərzində min cür hala düşürəm.
- Atv telekanalında qonaq olan zaman ailə quracağınız haqqında xəbər yayıldı. Həqiqətdir?
- Mən ailə qura bilərəm dedim, hal-hazırda qururam yox. Mənə sevgi məktubu gəlmişdi, o insanı uzaqlaşdırmaq üçün o sözü dedim.
- Oğlunuza toy eləmək fikriniz yoxdur, deyəsən. Səbəb?
- Heç mənim də toyum olmayıb, əsas toy deyil. Mənim varım yoxum bir oğlum var. İstəyirəm bəxtəvər olsun. Ürəyi istəyən tərzdə. Toy xoşbəxtlik deyil ki.
- Tez-tez yeni layihələr edirsiniz. Yeni nəsə gözlənilir?
- Nələr olacaq nələr, gözləyin, izləyin.
Aygün
AzNews.az